“Veysəloğlu”nun baş sponsor olduğu “Dirçəliş Kuboku” start götürüb — FOTOLAR
“Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış və püşkatma mərasimi keçirilib.
Veysəloğlu Şirkətlər Qrupunun mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə mərasim turnirin təqdimat videosunun nümayişi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirlə bağlı geniş məlumat verib.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirildiyini deyən İdarə Heyətinin sədri bildirib ki, “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri də məhz Qarabağın bərpasına töhfə vermək, eyni zamanda insanlar arasında ianə mədəniyyətini təşviq etmək, ölkəmizdə futbolun inkişafı və sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunub.
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və əslən Qarabağdan olan tanınmış futbolçu, eyni zamanda turnirin səfiri olan Qara Qarayev yarışın əhəmiyyətini qeyd etməklə yanaşı, onun yüksək səviyyədə təşkil olunacağına əminliklərini ifadə ediblər.
Çıxışlardan sonra tədbirin keçirilməsinə dəstək verən sponsor və tərəfdaşlara Qarabağ Dirçəliş Fondu adından xüsusi plaketlər və “Təşəkkür Sertifikatları” təqdim olunub.
Sonra minifutbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, turnirdə çıxış edəcək 40 kollektiv hər birində 10 komanda olmaqla 4 qrupa bölünüb.
Tədbirdə turnirin rəsmi saytı (www.Revivalcup.az) ilə bağlı da məlumat verilib. Qeyd olunub ki, gələn həftədən etibarən ilk turun oyun cədvəlini və ümumilikdə, turnirlə bağlı bütün məlumatları həmin sayta daxil olaraq əldə etmək mümkün olacaq.
Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək.
Bir neçə ay davam edəcək turnirdə ölkəmizdə fəaliyyət göstərən dövlət qurumlarının və şirkətlərin komandaları iştirak edəcəklər.
Turnirin keçirilməsindən əldə olunan vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.
Qrupların tərkibi aşağıdakı kimidir:
A qrupu: SOCAR, “OBA Market”, AZAL, WILD CARD, STP, “Kristal Abşeron”, “Global Energy Solutions”, “MTK Wolves”, AZINTELEKOM
B qrupu: "SOCAR Midstream", "Araz Logistika", UMICO, TƏBİB, AZERLOTEREYA, “Baku Steel Company”, AZƏRŞƏKƏR, Səhiyyə Nazirliyi AEM, “Milli Məclis”, “Caspel”
C Qrupu: "SOCAR Polymer”, “Veysəloğlu Mərkəz”, “Paşa İnşaat”, “Tamstore”, “İqtisadiyyat Nazirliyi”, " Zeytun Pharmaceutıclas, İRİA, "Kontakt", “Design Buread"
D qrupu: "SOCAR Gipro", "Veysəloğlu Distribusiya". "Caspian Entertainment", AVRORA, "Media Team", "Soliton", Digrella" AGROFOOD, “Azərbaycan Dəmir Yolları”, “Digrella”.