Döşlə əmizdirmə körpə sağlamlığının təməlidir
Ana südü yenidoğulmuş körpə üçün əvəzedilməz və ideal qida hesab edilir. O, körpənin sağlam böyüməsi və inkişafı üçün lazım olan bütün enerji və qida maddələrini təmin edir. Xeyirli olması ilə yanaşı, ana südünün həzmi də olduqca asandır. Ana südü tərkibində balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər), eləcə də yüksək miqdarda bioloji aktiv maddələrin olması baxımından körpələrin böyümə və inkişafı üçün unikal hesab edilir. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir.
Ana südünün tərkibi nədən asılıdır?
Ana südü təbiətin bəxş etdiyi möcüzəvi məhsuldur. Hər ananın südü məhz öz uşağı üçün nəzərdə tutulub və tərkibi uşağın yaşından, günün vaxtından, hava şəraitindən, uşağın sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Ananın doğuşdan sonra körpəsinə verdiyi ilk süd “ağız südü” adlanır. Bu, çox qatı, kolorili süd olmaqla yanaşı, körpəni infeksiyalardan, allergik reaksiyalardan qoruyur. Sonra isə keçid südü və yetkin südlə əvəz olunur. Yetkin südün də tərkibi dəyişkəndir.
Əmmə zamanı körpənin aldığı ilk porsiyalar daha duru, maviyə çalan rəngdədir və miqdarı daha çoxdur. Buna görə bəzən analar südünün duru, yağsız olmasından narahat olurlar. Əslində bu, normal bir haldır. Ön süd duru olub uşağın suya olan tələbatını ödəyir, arxa süd isə daha çox yağdan və zülaldan ibarət olub, uşağı doydurur.
Döşlə əmizdirmənin uşaq üçün nə əhəmiyyəti var?
Ana südü körpəniz üçün ən uyğun qida olub, onun hərtərəfli inkişafını təmin edir. Döşə qoyulma isə körpə üçün əsl səadətdir. Körpəsini əmizdirən ana intuitiv olaraq onun nə hiss etdiyini bilir. Ağrı və ya qorxudan ağlayan uşaq döşə qoyulan kimi sakitləşir. Ana ilə körpə arasında lap erkən dövrlərdən gözəgörünməz əlaqə yaranır. Bu gözəgörünməz bağ uşağın ən çox ehtiyac duyduğu hiss olub, onun emosional sferasının inkişafında çox mühüm rol oynayır.
Təbii qidalanan uşağa əmməni imitasiya edən boş əmziklərin verilməsi yolverilməzdir!
Neçə yaşına kimi uşağa ana südü verilməlidir?
6 ayadək uşaqları yalnız ana südü ilə qidalandırmaq və bunu mümkün olduqca 2 yaşadək və lazım olduqda daha uzun müddət davam etmək lazımdır.
Ana dərman qəbul edirsə, uşağa süd verə bilər?
Ana dərman qəbul etdiyi müddətdə ona əmizdirməməyi məsləhət görürlər. Halbuki çox nadir dərmanların qəbulu əmizdirməni dayandırmağı tələb edir və bu dərmanların da çox vaxt əmizdirən analara uyğun alternativi mövcud olur. Adətən ananın qəbul etdiyi dərman preparatları südə çox kiçik kəmiyyətdə daxil olur və heç bir narahatlığa əsas yaratmır. Hər bir halda həkiminizə əmizdirən ana olmağınızı mütləq bildirməlisiniz ki, o, sizə təhlükəsi olmayan alternativ dərmanlar təyin etsin.
Ana xəstədirsə, uşağa süd verə bilər?
Bəzi çox ağır xəstəlikləri çıxmaq şərti ilə ana istənilən digər hallarda, əmizdirməni davam etməlidir. İnfeksion xəstəliklər zamanı anadan körpəyə xəstəlik keçdiyi kimi, ona qarşı vuruşan anticisimlər də keçir. Körpə üçün xəstəliklərə qarşı ən yaxşı profilaktik vasitə, sözsüz ki, ana südüdür.
Körpənin döşdən ayrılması qərarını yalnız həkiminizlə məsləhətləşdikdən sonra verin!
Əmizdirmənin ana və ailə üçün hansı üstünlükləri var?
Əlbəttə, körpəni ana südü ilə qidalandıran zaman valideynlər ilk növbədə uşağın sağlamlığı barədə düşünürlər. Lakin uşağın ana südü ilə bəslənməsi ana və ümumən ailə üçün başqa üstünlüklərə də malikdir. Döşlə əmizdirmə zamanı doğuşdan sonra uşaqlıq daha sürətlə yığılır, qanaxma və anemiya təhlükəsi, süd durğunluğu və mastitin əmələ gəlmə riski azalır.
Ana südü ilə qidalandırma analar üçün hamiləlik dövründə topladığı artıq çəkidən azad olmaq üçun əla vasitədir, cünki bu dövrdə orqanizm gündə əlavə 500 kkal sərf edir. Süd verən analarda gələcəkdə döş vəzinin, uşaqlığın və yumurtalığın xərçəngi, ürək-damar xəstəlikləri daha az rast gəlinir. O, daha sakit, özünəinamlı və xoşbəxt olur.
Ana südü həmişə “istifadəyə hazırdır”; onu qızdırmağa, içərisində süd olan qabları yumağa, sterilizasiya etməyə ehtiyac yoxdur. Ana, xüsusən gecələr, uşağı yatağından durmadan yedizdirə bilər.
Ana südü sərfəli qidadır. Döşlə əmizdirmə zamanı bahalı süd qarışıqları, süd qabları, qızdırıcılar və sterilizasiya aparatları almağa ehtiyac olmur. Bu da ailə büdcəsinə xeyir verir.
Yadda saxlayın, övladınız üçün ana südünüzü tam əvəz edən qida yoxdur!
Cavid
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir