Sizin Reklam Burada

Vətənə, millətə, dövlətə şərəfli xidmət nümunəsi: HİDAYƏT ORUCOV – 80

Vətənə, millətə, dövlətə şərəfli xidmət nümunəsi: HİDAYƏT ORUCOV – 80Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci və ikinci rəhbərliyi dövrü əsas prioritet hesab etdiyi məsələlərdən biri milli siyasətin düzgün müəyyənləşdirilməsi, formalaşması və həyata keçirilməsi olmuşdur.

Dahi Öndər bu sahənin həssas coğrafiyada yerləşən, poloetnik cəmiyyətə malik ölkəmizi kənar müdaxilələrdən qorumaq və mühafizə etmək üçün mühüm şərt olduğunu yaxşı bilirdi. Buna görə həmrəyliyimizi və birliyimizi diffuziya etdirən milli təlimi - “azərbaycançılıq” məfkurəsini yaratmış və təlqin edilməsini zəruri bilmişdir.

Təbii ki, müvafiq istiqamətdə fundamental və təsirli işin aparılması, incə detalların cəmiyyətin şüuruna hopdurulması gərgin və təcrübəli fəaliyyət tələb edirdi.

Bu xüsusda, elə oturuşmuş kadr, azərbaycanlılara xas xüsusiyyətləri və keyfiyyətləri özündə əks etdirə bilən, dovlət ədəb-ərkanı ilə böyüyən bilikli-bacarıqlı şəxs olmalı idi ki, ictimaiyyət tərəfindən qəbul və təqdir edilsin.

Mübaliğəsiz deyək ki, məhz ən mürəkkəb dövrdə, bunun öhdəsindən ləyaqətlə və peşəkarlıqla gələ bilən insan Heydər Əliyevin sədaqətli silahdaşlarından olan, sınanmış və əqidəli dövlət adamı Hidayət Orucov ola bilərdi.

O Hidayət Orucov ki, Heydər Əlirzaoğlu ilk dəfə 25 yaşında onu görəndə istedadına eyham vuraraq, əlini möhkəm sıxaraq gözlərinin içinə baxaraq belə demişdi: “Belə gənc?! Çox şadam!”

O, sözün əsil mənasında “Azərbaycanın milli dövlət quruculuğu yolunda” “azərbaycançılıq” ideologiyasının instisional üsullarla reallaşması və tətbiq edilməsi üçün dünyaya gəlmiş, sayılıb-seçilən şəxsiyyət örnəyidir.

O, etnik-milli kimliyin, dini-mənəvi dəyərlərin, millətlərarası harmoniya və dinlərarası dialoq, multikulturalizm və tolerantlıq təcrübəsinin mahiyyətinin və əhəmiyyətinin ictimaiyyətə aşılanmasında və çatdırılmasında böyük xidmət göstərmişdir..

Faydalı iş əmsalı yüksək olan Hidayət müəllimin fəaliyyət prinsipi məhz budur: dinləmək, diqqət və qayğı göstərmək.



Hidayət Orucov örnəyi:

Azərbaycanın milli dövlət quruculuğu yolunda

Bəllidir ki, Hidayət Orucov ən mürəkkəb cəmiyyətdə belə, Ermənistanda İrəvanda etnik-dini konflikt, təhlükə və problemləri məharətlə dəf etmişdir.

Çünki, O, kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işlədiyi müddətlərdə öz milli izini və ştrixkodlarını ustalıqla qoymuşdur.

Hər bir xalq böyük düha sahibləri, seçilmiş və nüfuzlu şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Ömrünü xalqın zərrəsi sayan, həyatını xalq işinə həsr edən, xalqın kədəri ilə kədərlənib, sevinci ilə sevinən adamlar öz həyatını deyil, xalqın həyatını yaşayır. Belə adamlar fərdilikdən çıxıb şəxsiyyət səviyyəsinə yüksəlir. Görkəmli şair, yazıçı-publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucov çoxşaxəli yaradıcılığı və mükəmməl, fərqli poetik xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında və ümumilikdə ictimaiyyətində özünəməxsus yerə malik bir şəxsiyyətdir.

Azərbaycanın qədim torpağı olan Zəngəzur mahalının Meğri rayonunun Maralzəmi kəndində dünyaya göz açan Hudayət Orucov sakit təbiətli, mədəni bir ziyalıdır. Qayğıkeşlik onun varlığına hopduğundan o daim xeyirxahlıq edərək, bir çox insanlara arxa olmuşdur. Hidayət müəllimdə olan milli qeyrət onun bütün yazılarında, rəsmi və qeyri-rəsmi fəaliyyətində özünü göstərir...

Hələ 1970-ci ildə İrəvanda çap olunan “Məni səsləyəndə” lirik şeirlərinin toplandığı ilk kitabında onun həyata, həqiqətə vurğunluğu əks olunub.İrəvanda yaşadığı dövrlərdə o hər zaman doğma vətəninin, xalqının dilini, ədəbiyyatını, mədəniyyətini təbliğ edib. Həmin dövrdə onlarla yerli şair və yazıçının kitabları İrəvanda Azərbaycan dilində nəşr olunub, pyesləri Azərbaycan teatrları ilə yanaşı, İrəvan teatrında səhnəyə qoyulmuşdu. Ədəbi fəaliyyəti ilə paralel olaraq Hidayət Orucov qabaqcıl Azərbaycan ziyalısı kimi mədəni-ictimai fəaliyyətlə məşğul olub. Altmışıncı illərdən Ermənistanda yenidən başlanan millətçilik hərəkatı, Azərbaycana qarşı irəli sürülən əsassız iddialar və düşmən mövqeyi bir çox başqa sahələrdə olduğu kimi, Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlanan böyük yaradıcılıq işlərinə də əngəllər törədirdi. Azərbaycan teatrının uğurları, onun getdikcə daha geniş tamaşaçı auditoriyasını əhatə etməsi təbii ki, ermənilərin ürəyindən deyildi. Teatrı dağıtmaq üçün əllərindən gələni əsirgəmirdilər. Məhz belə bir vaxtda 24 yaşı tamam olmamış gənc Hidayət Orucov İrəvan teatrına direktor təyin olundu. Teatrın problemlərinin dərindən öyrənilməsi, truppanın formalaşdırılması, sanballı repertuar tərtib edilməsi üçün çox çalışdı və istəyinə çatdı. İrəvan Azərbaycan Teatrının tarixi nailiyyətlərini bərpa etdi, bu qocaman sənət ocağı o illərdə Azərbaycanın və Ermənistanın ən maraqlı teatrlarından birinə çevrildi. Kollektivin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində görülən tədbirlərə etiraz səsini ucaldan, yüksək təşkilatçılıq qabiliyyətinə malik direktor 16 il teatrda səmərəli fəaliyyət göstərdi və nəhəng imperiyada təcrübəli teatr rəhbərlərindən biri kimi tanındı. Hələ gənc vaxtlarında Hidayət Orucov uydurma tarixləriylə üfürülüb şişmiş ermənilərlə milli mənlik qovğaları aparırdı, döyüşürdü, çarpışırdı və sözünü deyirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektiviylə Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərini dolaşır, tamaşalar göstərir, çıxışlar edirdi. Hidayət müəllim hələ cavanlığından təmkinliyi və ağayanalığıyla yadda qalan olub.Ona görə də dolaşıq-bulaşıq, yalan və böhtanlarla dolu erməni mühitində baş çıxara bilib və onun İrəvandakı evi oralı-buralı azərbaycanlıların mədəni mərkəzinə çevrilib.Erməni xislətinə bələd olan bir insan kimi Hidayət Orucov ən kiçik yazılarında belə dərin kökləri olan milli problemlərə toxunur.

O, 1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini, sonra 1992-ci ilə qədər həmin nəşriyyatın baş redaktoru vəzifəsində çalışır. Bu illərdə “Gənclik” nəşriyyatında Azərbaycanın klassik ədəbi irsi, folkloru, tarixi keçmişinə aid kitablar nəşr edilir. Hidayət Orucov şair olmaqla bərabər, dramaturq, nasir və publisist kimi də öz qələmini sınayır. Onun poeziyasında olduğu kimi, dramaturgiya, nəsr və publisistikasında da əsas mövzu müasirimiz insan, onun maraqlı və təzadlı daxili dünyası, dünənə, bugünə, sabaha baxışı, estetik idealı və mənəvi-etik dəyərləridir. “Məhəbbət yaşayır hələ”, “Məni qınamayın”, “Bu dünyanın adamları”, “İrəvanda xal qalmadı”, “Burdan min atlı keçdi” adlı pyesləri bu gün də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında və başqa teatrlarda dəfələrlə tamaşaya qoyulur. Tarixən əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda azərbaycanlı türklərin yaşadığı ictimai-siyasi şərait, ədəbi-mədəni mühit, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin həyatı, bütövlükdə soydaşlarımızın on illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mərdi-mərdanə və mətin mübarizə, doğma torpağının, xalqının ağrı-acıları, yaşadığı faciələri, ümumiyyətlə, ictimai-siyasi həyatımızın bir çox hadisə və problemləri onun publisistik əsərlərinin əsas qayəsini təşkil edir. Həm ictimai-siyasi xadim, həm də xalqının dərdinə biganə qalmayan, yazıları ilə düşmənə qarşı mübarizə aparan vətəndaş Hidayət Orucovun “Orda – Zəngəzurda mənim ürəyimin məzarı qalıb”, “Didərginlərə məktub”, “Biçmədim - zəmim qaldı”, “Həqiqət kar deyil”, “Ağlınızı başınıza yığın” və s. kimi 150 dən çox məqaləsi və publisist qeydləri buna misal ola bilər.

Həyatını doğma xalqının tərəqqisinə, uğurlu gələcəyinə həsr edən, əməlləri, ideyaları və böyük adıyla Azərbaycanı, xalqımızı daim şərəfləndirmiş dünyanın siyasi liderlərindən biri, ümummilli liderimiz Heydər Əliyevin siyasi bioqrafiyasının az işlənmiş, lakin olduqca önəmli bir qolunun - milli siyasət sahəsindəki fəaliyyətinin araşdırılması və şərhinə həsr edilən “Heydər Əliyev və Azərbaycanda milli siyasət”, dahi dövlət xadimi, ulu öndər Heydər Əliyevin uca şəxsiyyəti və bu ucalığa Ermənistanda siyasi-ideoloji dairələrin, erməni ictimaiyyətinin paxıl, qısqanc, düşmən münasibətinin ifşasına həsr edilən “İrəvana 7 məktub” kitabları ədəbiyyat və siyasət meydanında tanınmış bir ziyalı əməyinin gözəl bəhrələridir.

Əxlaqi-mənəvi dəyərlərə, cəmiyyət hadisələrinə və söz sənətinə münasibətdə illərdən bəri davam edən məsuliyyət duyğusu Hidayət müəllimə bir şəxsiyyət kimi ucalıq gətirir. Onun avtoportret səpkili şeirlərinin hamısında yüksək əxlaqi-mənəvi dəyərlər, şəxsiyyətin bütövlüyü və əsl vətəndaş mövqeyi ifadə olunur.Yaradıcılığı onun ömrünün, taleyinin poetik monoloqudur.

Yüksək yaradıcılıq qabiliyyətinə, hərtərəfli dünyagörüşünə, intellektual və mədəni səviyyəsinə, ensiklopedik biliyinə, zəngin mənəvi və insani keyfiyyətlərinə görə fərqlənən Hidayət Orucov sözün əsl mənasında xalqımız, millətimiz, müstəqil dövlətimiz uğrunda alovlanıb yanan böyük ziyalıdır.

Ədəbi şəxsiyyət olmaqla yanaşı, bir ictimai-siyasi şəxsiyyət kimi də Hidayət Orucov fenomeni hər zaman illərlə qazandığı ictimai-siyasi təcrübəsi və yüksək idarəçilik qabiliyyəti ilə fərqlənib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət müşaviri, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri olmuş, 2006-2012-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, 2012-2021-ci illərdə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışmışdır.
Ətraflı

Azərbaycanın və digər respublikaların ədəbi, ictimai-siyasi həyatındakı fəaliyyətinə, göstərdiyi əvəzsiz xidmətlərə görə 1970-ci ildə “Rəşadətli əməyə görə” medalı, 1978-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2004-cü ildə “Şöhrət” ordeni, 2010 -cu ildə Rus Pravoslav kilsəsinin "Şöhrət və Şərəf" ordeni, 2014-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, Gürcüstan Respublikasının “Şərəf” ordeni, Dağıstan Respublikasının Fəxri Fərmanı, Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı- Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı ilə təltif edilmişdir.

Hidayət müəllimin pərəstişkarları təkcə Azərbaycanda deyil, onun hüdüdlarından kənarda da kifayət qədərdir. Onun 20-dən çox xarici dillərə tərcümə olunmuş əsərləri müxtəlif ölkələrin xalqları tərəfindən rəğbətlə qarşılanır, sevilə-sevilə oxunur. Hidayət müəllim bəşəri bir yazıçı olduğuna görə, dünya ədəbi-bədii nümunələrinin bir qismini ana dilimizə çevirərək, xalqlar arasında salınan ədəbi ünsiyyət körpülərinin daha da möhkəmlənməsinə zəmin yaradır. Hidayət müəllimin ictimai xadim kimi fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin bərpasına, bərqərar olmasına, möhkəmləndirilməsinə, eləcə də xalqlar arasında əlaqələrin genişləndirilməsi, millətlər arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində görülən işlərə lazımi töhfələr verməkdə davam edir.

Hidayət Orucov Ümummilli lider, fenomenal şəxsiyyət kimi tarixdə yaşayan Heydər Əliyev məktəbinin layiqli yetirməsidir. Onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin milli siyasətlə bağlı proqramlarının həyata keçirilməsində xüsusi bacarıq və qabiliyyətlə çalışıb. Respublikamızda yaşayan milli azlıqların problemlərinin həllinə xüsusi səy göstərib. Bu, onun təkcə vəzifə borcu deyil, eyni zamanda, Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideyasının həyata keçirilməsinə çalışan vətəndaşlıq qayəsi olub.

Eyni zamanda, Azərbaycan ədəbi yaradıcılığında Hidayət təxəllüsünün məxsusi, müdrik və mükəmməl imzası vardır. O, mərdi-mərdanəlik, romantizm və realizmin harmoniyası olub pozitivliyi aşılayır.

Bu il Hidayət müəllimin həyatında əlamətdar bir ildir. Belə ki, görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, Fövqəladə və səlahiyyətli səfiri, Əməkdar incəsənət xadimi Hidayət Orucovun qarşıdan 80 illik yubileyi gəlir. Millətin yoluna işıq tutan, sağlam bərabər ruhlu - azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını özündə əks etdirən cəmiyyətin yaradılmasında müfəssəl dəsti-xətti olan, multikultural düçüncənin bərqərar edilməsində silinməz izini qoyan, insanları haqqa, ədalətə, sülhə, dostluğa, barışa səsləyən və tutduğu yolda əzmlə, yorulmadan irəliləyən dəyərli ziyalımız Hidayət müəllimə möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Qeyd:

Tarix üzrə fəlsəfə doktoru,dəyərli Yəhya Babanlı ilə birgə bu yazını yazmağı qərarlaşdırıb müazakirə edən zaman, o atasının Hidayət müəllim ilə bağlı maraqlı xatirəsini bölüşdü. Mənim yaxın dostum, rəhmətlik Məmməd Babayevin Hidayət müəllim haqda həmişə yüksək sözlər söylədiyini və anlayışlı-sağlam dövlət adamı olduğunu bildirdi.

Onunla o vaxtkı Respublika Sarayında (indi Heydər Əliyev Sarayı) 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri və Azərbaycan ictimai-siyasi vəziyyətinə həsr olunmuş ümumxalq nümayəndələrinin toplantısında görüşmüşdü. Onda əsil dövlətçi milli adam təəsuratı yaratmışdı. Zəngəzurun qədim türk yurdu olduğunu, ümumilikdə Azərbaycanın bir ailə olduğunu demişdir. Ordubadın ona dogmalığını və Meğri ilə tarixən eyni ərazi olduğunu söyləyərək əhalisinin qədirbilənliyini bildirmiş. Müdrik insanları olan bu el-obada hökm sürən neqativlərin tezliklə müsbət məcrada dəyişəcəyinə inamını ifadə etmişdir.

Mənim isə dəyərli Hidayət Orucovla tanışlığım 2005-ci ilə təsadüf etmişdi. Ümumavropa dəyərlərinə qovuşmaq və sivil bəşəriyyətin tərkib hissəsinə çevrilmək istəyi ölkəmizdə yeni bir demokratik institut olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasını labüdləşdirmişdi. Televiziyanın ilk efir düyməsini basan Azərbaycan prezidenti İlham Əliyev ölkədə demokratiyanın inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, plüralizmə və digər məsələlərə dair bir sıra tövsiyələr verdi. Bu tövsiyələr İctimai Televiziyanın demokratik ab-hava ilə fəaliyyətinə zəmanət verirdi.İlk dəfə olaraq məhz İctimai Televiziyada Milli Azlıqlar üçün verilişlər departamenti fəaliyyətə başlamışdı. Departamentin daha səmərəli fəaliyyət göstərməsi üçün o zaman Milli Məsələlər üzrə Dövlət Müşaviri olan Hidayət Orucovun hərtərəfli qayğısını hiss edirdik.

Hidayət müəllimlə görüşdə mənə bildirirdi ki, ölkə teleməkanında ilk dəfə olaraq məhz İctimai Televiziyada Azərbaycanda yaşayan xalqların və milli azlıqların maddi mədəniyyət nümunələrini, etnik məişətini geniş ictimaiyyətə çatdırmaqla uzun əsrlər boyu ölkəmizdə yaşayan, hətta onun bir və ya bir neçə kəndində məskunlaşan, sayı bir neçə mindən artıq olmayan, bu çoxmüxtəlifliyi dünya ictimaiyyətinə catdırmalısız.

Azərbaycanın yeraltı, yerüstü sərvətləri kimi etnik və mədəni tərkibi də əsrlər boyu zəngin olub. Bu üstünlük güclü, qüdrətli, istiqanlı təbiətə malik bir millətin - Azərbaycan xalqının formalaşmasında böyük rol oynayıb. Qədim odlar diyarında yüz illərlə yaşayan etnoslar bəd gündə də, şad gündə də dostluq, qardaşlıq şəraitində ömür sürüblər. Milli azlıqlar və Azsaylı xalqlarla bağlı ən xırda məsələlərə belə həssaslığla yanaşan hörmətli Hidayət müəllimin tövsiyyələri bizim üçün sanki mayak rolunu oynayırdı.

Bəli, milli və dini məsələrin mahir bilicisi olan Hidayət müəllimin təbirincə desək etnik çoxluqla yan-yana yaşayan digər xalqlara münasibətdə tolerantlıq ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininə xas dözümlülüklə, müxtəlif etnik icmaların vahid ərazidə tarixən təşəkkül tapmış birgəyaşayışı ilə izah olunur. Azərbaycanın və Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun etnik və dini zəmində ədavət, sayından asılı olmayaraq, milli azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə diqqət və qayğı göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid bir ailənin üzvləri kimi yaşayırlar. Milli azlıqların qorunması Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin ən əsas istiqamətlərindən biridir. Azərbaycanda digər xalqların və millətlərin də azad və firavan yaşaması üçün hər cür şərait yaradılmışdır və bu siyasət bundan sonra da davam etdiriləcəkdir”.


Minnətdarlıq ifadəsi olaraq,

Rauf Rəcəbov
Araşdırmaçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər Federasiyasinin üzvü,
İTV-nin Milli Azlıqlar ücün Verilişlər Departamentinin sabiq direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər