Fazil Mustafa seçicilərlə sonuncu görüşünü keçirib
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 26 saylı Sabunçu Birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın seçicilərlə sonuncu görüşü Sabunçu Gənclər Evində olub.
Avrasiya.net xəbər verir ki, bu görüş də əvvəlki görüşlər kimi böyük izdihamla keçib. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Fazil Mustafa bildirib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir. Bunun çox böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə bu tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən F.Mustafa qeyd edib ki, qələbədən və ərazi bütövlüyümüzün tam bərpasından sonra yeni bir dönəm yaranıb.
F.Mustafa ölkədə bütün sahələrdə aparılan islahatlardan, problemlərdən, boşluqlardan da bəhs edib. Seçki platformasında əhalini düşündürən problemlərin həlli ilə bağlı müddəalardan söz açıb, seçicilərin çoxsaylı suallarını cavablandırıb.
Sonda F.Mustafa müəllifi olduğu "Xalqdan yana" kitabını imzası ilə seçicilərinə hədiyyə edib.