Fazil Mustafanın seçicilərlə görüşü davam edir - FOTOLAR
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 26 saylı Sabunçu Birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın seçicilərlə növbəti görüşü Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi 31 ünvanda baş tutub.
Avrasiya.net xəbər verir ki, ənənəvi olaraq F.Mustafa seçicilərə seçki platformasından bəhs edib. Yenidən ona etimad göstəriləcəyi təqdirdə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə irəli sürəcəyi təşəbbüslər haqqında seçicilərə ətraflı məlumat verib. Daha sonra deputatlığa namizəd seçicilərin çoxsaylı suallarını cavablandırıb, onları narahat edən məsələlərin həlli yollarından söz açıb.
Seçicilər daha çox F.Mustafaya ali məktəbləri bitirən gənclərin işsizlik problemi, gənclərin, yeniyetmələrin peşə təhsili və ixtisaslara bağlı maarifləndirmə işinin zəif aparılması ilə bağlı suallar veriblər. F.Mustafa qeyd edib ki, hökumət işsizliyin aradan qaldırılması ilə bağlı dövlət proqramını həyata keçirsə də, bir çox gənclərin iş problemi hələ də həll olunmur. Namizədin fikrincə, gənclərin bölgələrdən şəhərə axını problemin həlli demək deyil.
O, daha sonra qeyd edib ki, gənclərin bazar iqtisadiyyatının tələblərinə cavab verən peşə, orta ixtisas və ali təhsil ocaqlarında peşəyönümlü ixtisaslara yiyələnməsi üçün orta məktəb, lisey, internat, peşə və orta ixtisas məktəbləri şagirdləri və bu məktəbləri bitirmiş məzunların maarifləndirilməsi olduqca vacibdir.