Azər Allahverənov Pirşağı qəsəbəsində seçicilərlə görüşüb
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun Pirşağı qəsəbəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Görüşü giriş sözü ilə açan qəsəbə ağsaqqalı Nadir Pirverdiyev tədbirin məqsədi barədə danışıb və seçicilərlə görüşə gələn Azər Allahverənovu tədbir iştirakçılarına təqdim edib.
Özü barədə danışan Azər Allahverənov həyat yoluna qısa nəzər salıb və müxtəlif dövrlərdə həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb. Qeyd olunub ki, bir çox sahələrdə əldə olunan zəngin təcrübə gələcək fəaliyyətlərdə seçki dairəsinin ərazisində yaşayan əhalinin rifahının yaxşılaşdırılmasına sərf ediləcəkdir.
Sabunçu rayon sakini İlham Mustafayev deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun şəxsi keyfiyyətlərinə nəzər salıb və onun bu keyfiyyətlər hesabına xalqını parlamentdə layiqincə təmsil edəcəyinə inandığını bildirib.
“İnjuria” jurnalının redaksiya şurasının üzvü, vəkil Hikmət Babayev Azərbaycan xalqının həmrəy, hər an milli maraqlar naminə birləşmək iqtidarında olduğunu vurğulayıb və bu həmrəyliyin eyni zamanda qarşıdan gələn parlament seçkilərində büruzə verəcəyinə, layiqli namizədə səs verəcəyinə əmin olduğunu qeyd edib.
Çıxış edən Pirşağı qəsəbəsinin sakinləri bildiriblər ki, xalqın içində olan namizədi hər zaman dəstəkləməyə hazırdırlar və bu səbəbdən qarşıdan gələn parlament seçkilərində öz səslərini Azər Allahverənova verəcəklərini xüsusilə bildiriblər.
Sonda Azər Allahverənov görüş iştirakçılarının suallarını ətraflı cavablandırıb.


Son xəbərlər
