Azər Allahverənov seçicilərinə müraciət edib
Əziz dostlar, dəyərli seçicilər!
Bildiyiniz kimi, 1 sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat təşviqat mərhələsinə 9 avqust tarixində start verilib. Sevindirici haldır ki, bu siyasi hadisə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra Milli Məclisə keçirilən ilk seçkidir.
Fürsətdən istifadə edərək bütün namizədləri bir daha təbrik edir, seçiləcək millət vəkillərinə doğma Azərbaycanımız naminə fəaliyyətlərində böyük uğurlar arzulayıram.
Əziz seçicilər, 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizəd kimi bu taleyüklü siyasi hadisədə iştirak mənim üçün həm şərəfli, həm də qürurvericidir. Öz imzası ilə mənə dəstək olan, böyük etimad göstərən hər bir şəxsə, xüsusilə də Nardaranda, Kürdəxanıda, Zabratda, Pirşağıda və Ramanıda yaşayan dəyərli seçicilərimizə dərin təşəkkürümü bildirirəm.
Mənə olan etimadınız, seçkilərdə verəcəyiniz səslər dövlət maraqlarına xidmət etməyim və seçki dairəmizin ərazisində yaşayan əhalinin rifahının daha da yaxşılaşdırlması naminə fəaliyyət göstərməyim üçün müstəsna imkanlarım yaranması deməkdir. Gəlin birgə bu imkanları sözdən əməli işlərə çevirək, təbliğat-təşviqat kampaniyasında fəal olaq və sentyabrın 1-də keçiriləcək parlament seçkilərində səsimizi layiqli namizədə verək.
Əziz seçicilər, əminliklə bildirirəm ki, mənə səs verəcəyiniz təqdirdə bu Vətənin övladı olaraq hər zaman güclü Azərbaycan naminə dövlətimə və xalqıma necə sədaqətlə xidmət etmişəmsə, bundan sonra da daha əzmkar və var gücümlə çalışacağam.
Əmin olun ki, siz vətəndaşların müraciətlərinə laqeyd qalmayacağam, onlara diqqət və həssaslıqla yanaşacağam. Yaşadığınız ərazinin problemlərinin aidiyyəti dövlət strukturları tərəfindən həlli naminə bütün səylərimi əsirgəməyəcəm. SİZİN SƏSİNİZ SİZİN SEÇİMİNİZDİR!
Dərin hörmətlə,
Azər Allahverənov
29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizəd