Milli varlığımızın təcəssümü
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
“Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir.” Ümummilli Lider Heydər Əliyev bu fikirləri ilə Azərbaycan dilinin qorunmasının bütün dövrlər üçün aktuallığını diqqətə çatdırmışdır. Eyni zamanda, bildirmişdir ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşib. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.
Ulu Öndərin milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli mənəvi dəyərlərimizi qoruyun.
Ümummilli Liderin hakimiyyətinin birinci dövründə azərbaycançılığın əsas tərkib hissələrindən olan dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində atdığı addımlara diqqət yetirək. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da bu istiqamətdə mühüm addımlar atdı. 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanları deyilənlərin təsdiqidir. Bu Fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Son 20 idən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir. “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir.
Hər zaman çıxışlarında “Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir” çağırışını edən cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı. Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildi. Dövlət başçısının imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Hər bir sənəd qarşıdakı dövrlə bağlı müəyyənləşdirilən hədəflərin təqdimatında əhəmiyyətli rol oynayır. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı.
Ulu Öndər Heydər Əliyevin “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirir ki, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir. Cənab İlham Əliyev bu vəzifəni də qarşıya qoyur ki, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.