Əmək hüquqları üzrə maarifləndirmə tədbiri keçirilib
Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində ilk tədbirini "Azəriqaz" əməkdaşları ilə keçirib.
QHT sədri Fuad Əliyev öncə tədbir iştirakçılarına layihə haqqında qısa məlumat verib.
Bildirib ki əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır:
"Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının Konstitusiyası tutur. Konstitusiyanın 35-ci maddəsində deyilir: "Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır".
QHT sədri daha sonra vətəndaşların konstitusiya və müvafiq qanunveticilik sistemində əmək hüquqlarının qorunmasından bəhs edib.
Qeyd edib ki, əmək hüquq münasibətləri ilə bağlı Konstitusiyada hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ (36-cı maddə), istirahət hüququ (37-ci maddə), sosial təminat hüququ (38-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə), birləşmək hüququ (58-ci maddə) və s. hüquqları da təsbit edilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, fikir mübadilələri aparılıb.