QHT layihənin icrasını yekunlaşdırıb
Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasını yekunlaşdırıb.
Bu məqsədlə iyulun 3-də İctimai Birlik hesabat xarakterli tədbir keçirib. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər, media təmsiçiləri, təhsil işçilərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli deyib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 3 ay boyunca (1 may-31 iyul 2024-cü il) həyata keçirilən “Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihə çərçivəsində paytaxtdakı 3 ümumtəhsil müəssisəsində təhsil alanlarla qida təhlükəsizliyi ilə bağlı maarifləndirici xarakter daşıyan görüş keçirib.
Bakının 64, 93 və 210 saylı məktəbində baş tutan görüşlərdə ümumilikdə 500-ə yaxın şagirdin iştirak etdiyini və onların sağlam qidalanma ilə bağlı maarifləndirildiyini diqqətə çatdıran Süleyman İsmayılbəyli, eyni zamanda tədbirlər zamanı şagirdlərə sağlam qidalanma ilə bağlı hazırlanmış çap məhsulları, bukletlərin paylanıldığını diqqətə çatdırıb. İctimai Birlik sədri gələcəkdə də rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə maarifləndirici xarakter daşıyan tədbirlər keçirəcəyini diqqətə çatdırıb.
Sonra çıxış edən təlimçi Ruhiyyə Mehdiyeva İctimai Birliyin həyata keçirdiyi layihə çərçivəsində təhsil alanlarla keçirilən görüşlərin əhəmiyyəti barədə danışıb. Bildirib ki, görüşlər çərçivəsində şagirdlərlə fərdi qaydada söhbətlər aparılıb, onların sağlam qidalanmaya nə dərəcədə üstünlük verdikləri öyrənilib.
Sonra çıxış edən sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə bir layihəni maaliyələşdirdiyi üçün təşəkkür edib. Sağlam qidalanmanın günümüzdə çox vacib olduğunu diqqətə çatdıran Məhsəti Hüseynova xüsusilə orta məktəblərdə bu istiqamətdə maarifləndirici xarakter daşıyan tədbirlərin, görüşlərin keçirilməsinin vacibliyindən danışıb. O bildirib ki, kimliyindən asılı olmayaraq hər bir vətəndaş yediyi, içdiyi məhsulun nə qədər sağlam, orqanizm üçün zərərli olub-olmadığının fərqinə varmalıdır.
“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, “QAZİLER.AZ” saytının baş redaktoru, qazi Rey Kərimoğlu da layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, qida təhlükəsizliyi ölkənin təhlükəsizliyi qədər vacib bir məsələdir. Rey Kərimoğlu bu tipli layihələrin davamlı olmasını arzulayıb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə ümumtəhsil müəssisələrində məktəb bufetlərinə xüsusi nəzarətin həyata keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, bu istiqamətdə təhsil sektoruna cavabdeh olan müvafiq qurumlarla iş aparmaq daha faydalı olar.
Hüquqşünas Alim Hüseynli qida məhsulları üzərində onun tərkibini istehlakçıya çatdıran məlumatların daha sadə dildə yazılmasının tərəfdarı olduğunu vurğulayıb. Həmçinin, o qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı valideynlərlə də iş aparmaq lazımdır. Çünki valideyn övladına nələrin, hansı qida məhsullarının ziyanlı olduğunu daha yaxşı bilir və bu səbəbdən məktəb bufetlərinə qida vasitələri alınarkən bu məsələ də diqqətdə saxlanılmalıdır.
Təhsil ictimaiyyətinin nümayəndələri, Nigar Bayramova, Sevinc Quliyeva və digər natiqlər də layihənin əhəmiyyətindən, sağlam qidalanmanın vacibliyindən danışıblar.
Sonda sağlam qidalanma üzrə ekspert Asim Vəliyev çıxış sağlam qidalanmanın qızıl qaydaları barədə tədbir iştirakçılarının məlumatlandırıb. Bildirib ki, istehlakçı hər hansı bir məhsul alarkən ancaq onun istifadə müddəti, yararlılıq tarixinə diqqət etməməlidir. Eyni zamanda onun tərkibi, saxlanma şəraitini də nəzərə almalıdır.
Görüş müzakirələrlə davam edib.