Sizin Reklam Burada

Vətən üçün hər şeyə hazıram - QHT sədri

Vətən üçün hər şeyə hazıram - QHT sədriBu gün 26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Müzəffər Ordumuzu tankın üstündəki igid balamızla birlikdə olan şəkillə təbrik etmək istədim. Məhz niyə bu şəkillə? Ölkədə yeni “Əxlaq polisləri” meydana gəlibmiş, bizim də xəbərimiz yoxuymuş. Kimin harda necə hərəkət etməsini bunlar boş başları ilə müəyyən edirlərmiş. Əziz dostlar, bildiyiniz kimi 24-25 iyun 2024-cü il tarixlərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu” baş tutdu. Olduqca yüksək səviyyədə təşkil edilmiş QHT Forumunun proqramında Qubadlının “N” saylı hərbi hissəsində əsgərlərlə görüşmək, onlara “Silahlı Qüvvələr Günü” münasibətilə bayram hədiyyələri təqdim etmək və bayram şənliyinin təşkili nəzərdə tutulmuşdu.

Çox səliqəli və ardıcıl şəkildə davam edən görüşün bir hissəsində isə şəhid övladları ilə birlikdə tankın üstündə bayrağımızı dalğalandırmaq da Vətəndaş Cəmiyyətinə bir ayrıca sevinc, fərəh qürur hissi bəxş etmişdi. Yuxarıda qeyd etdiyim “əxlaq polisləri” belə bir möhtəşəmliyi hər hansısa bir məqsədlə kiçiltməyə çalışıblar. Və öz evlərindəki xanımlarına yaraşacaq formada, QHT-lərin xanım sədrləri haqqında çox təhqiramiz şəkildə ifadələrə yol veriblər. Baş ağrısı da olsa deyəcəm ki, rəhmətlik atam mənim 5 yaşımda işi ilə əlaqədar olaraq Qubadlıdan ev aldı və biz orda yaşamalı olduq. Müharibənin acı mənzərəsini ilk dəfə 1-ci sinifdə oxuyan zaman dərsdən evə gələndə prokurorluğun binasının önündə görmüşəm. (Yaşadığımız bina prokurorluğun binası ilə yan-yana idi.)

Gördüm ki, tankın üstündə hərbiçilər və güllə-borana tutulmuş bir “ZİL” markalı yük maşını var. Maşının önü necə güllələr əlindən deşik-deşik olmuşdusa maşını bir anlıq aşsüzənə bənzətmişdim. Evə çatanda ağlaşma səsindən anladım ki, həmin maşının sahibi qapıbir qonşumuz Gülnazın bacısı Çimnazın həyat yoldaşıymış. Və onların toyu cəmi 15 gün idi ki, olmuşdu. Təzə bəy gəlinin cehizlərinə məxsus bəzi əşyaları gəlinin yaşadığı kənddən
öz kəndlərinə aparanda erməni vəhşiləri tərəfindən beləcə amansız şəkildə atəşə tutulub öldürülmüşdü. Rəhmətlik anamın çox ürəyindən keçirdi ki, həmin Çimnaz xanımı dayıma alsın. Ancaq qız sevdiyinin olduğunu demişdi. Sevgisinə qovuşan Çimnaz 15 günün gəlini oldu((( Biz onlarla ailəvi dost idik.

Gülnaz və Çimnaz bacıları bizim Tərtərdəki evimizdə, biz də onların Qubadlının Bəxtiyarlı kəndində olan ata-baba yurdlarına gedib-gələrdik. Qısacası o ailənin həmin gün yaşadığı faciə həm də bizim ailənin faciəsi olmuşdu. Davamlı olaraq BTR-lərin, tankların məhkəmənin, prokurorluğun, yəni düz evimizin yanında gördükcə müharibəni dərk etməyə başlayırdım. Gorus rayonuna yaxın olan kəndlər tez-tez atəşə tutulurdu və dinc əhalinin dəfələrcə gecə ilə ayaqyalın rayona gəldiklərinin şahidi olurduq. Nə zaman dərsdən gələndə prokurorluğun önündə hərbiçi görərdimsə evə qaçıb, çantamı atıb balaca ürəyimlə, bapbalaca da cibimə evdən konfetlər götürüb hərbiçilərə daşıyardım. Hətta bir dəfə mənə sual etdilər ki, bura, bizim yanımıza qalxmaq istəyərsən?

Suala cavab əvəzinə məzlum kimi üzlərinə necə baxdımsa biri aşağı düşüb məni tankın üstünə qaldırdı. Yenə də balaca cibimdə kiçik konfet paylarını verəndə başıma tumar çəkərək təşəkkür etdilər. Və illər sonra bu gün, 43 yaşımda gördüyünüz bu əsgərlərin elə məhz Qubadlıda əlimdən tutaraq tankın üzərinə qaldırması mənə elə duyğulu anlar yaşatdı ki, o an göz yaşlarım ürəyimə axdı. Gözümün önündən nələr keçmədi… Qubadlıda vəziyyət gün-gündən çox pisləşirdi. Artıq elə bir vəziyyət yarandı ki, dinc əhalini gecəylə çıxartmaq məcburiyyətində qaldılar. O gündən sonra müharibənin dəhşətini Tərtərdə yaşamağa başladıq.

“Kristal“, “Qrad”, Alazan” raketlərinin uğultusu, başımız üzərindən yağan güllələrin, barıtların qoxusu ilə böyüməyə başladıq. Bir müddət sonra məktəbə belə gedə bilmədik. Çünki məktəbimizdə hərbi baza yerləşdirilmişdi. Əyləncəmiz patronlar, barıtlar, qırmalar, top mərmilərinin qəlpələri oldu. Göz yaşlarımız doğmalarımızın, qohumlarımızın, qonşularımızın itkiləri, daha betəri isə əsirlərimiz və şəhidlərimiz oldu. Biz gecəni tankların səsinə oyanan, o gecələrin qaranlıq göylərinin od-alov kimi yandığını görən insanlarıq. Öz adıma deyirəm ki, şəxsən mən özüm nəinki tankın üstünə qalxaram, o tankı sürərəm də, bədnam düşmənləri əzərəm də… Vətən sevgisinin mənə verdiyi o gücü özümdə görürəm. Məhz ona görə 44 günlük Vətən müharibəsində Qarabağa getmək üçün ilk rəsmi müraciət edənlərdən biri mən olmuşam. Gələlim əsas mövzuya…

Tankın üstünə çıxan xanımlarla bağlı axmaq adamların axmaq statuslarını və rəy bölümlərindəki özü kimi axmaqların şərhlərini saxlamışam. Onlarla yaxın günlərdə hüquqi müstəvidə məhkəmə zallarında görüşəcik. Yazılan təhqirlər QHT sektorunda olan bütün xanımların ünvanına olduğu üçün təhqiri qəbul etməyənlər şikayətimə qoşula bilərlər.

Əksəriyyət əşi baş qoşmayın filankəsdi, bəhmənkəsdi də dedilər. Nə istəyir özü üçün danışsın. İki cümlə yazmaq üçün əli qələm tuta bilməyənlər o filankəslər də, bəhmənkəslər də qələt edər (ifadəmə görə hər kəsdən dəfələrcə üzr diləyirəm) mənim heysiyyatıma, şəxsiyyətimə toxunacaq ifadəyə yol verər. Təbii ki, söhbət təkcə məndən getmir. Ümumilikdə QHT sektorunda olan bütün xanımların ünvanına yazılmış təhqirlərdir. Nə zamana qədər bu adamlara dur deməyi bacarmayacağıqsa bunların boşboğazlığı daha da artacaq. Məndən bura qədər… Qəbul edən, yaxud etməyənlər buyurub fikirlərini yazsınlar.

Könül Quliyeva

P.S
İlk dəfə olaraq qeyd edirəm ki, mən çoxlarınızın Aşıq Ələsgərin “Yaxşıdı” təsnifində isminə rast gəldiyiniz Hasanalı Xanın və yenə də Aşıq Ələsgərin dillərdə dastan olan “Salatın” qoşmasındakı Salatının nəticəsiyəm. Mənim ata-babalarım vətən torpağı, haqq-ədalət uğrunda canlarını fəda edən, sürgün olunan kişilərdir. Mən həm Qarabağlı, (ata əslim Kəlbəcərli) həm də Qərbi Azərbaycanlı (ana əslim Göyçə mahalı, Ağkilsə kəndi) kimi elimə, obama, torpağıma, Ana Vətənə o qədər bağlıyam ki, ata və anamın, hər ikisinin cavan qəbrinə, ruhuna və göydəki Uca Rəbbimə and içirəm ki, vətən üçün hər şeyə hazıram…
Bir daha Müzəffər Ordumuzu təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər