Dövlət dilimiz, ana dilimiz
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Bu Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi.
İnsanların bir-biri ilə ünsiyyət qurmasında, fikirlərinin çatdırılmasında dil böyük əhəmiyyət kəsb edir. Hər bir xalqın sahib olduğu əsas dil onun ana dili sayılır. İctimai-siyasi formasiyalar bir-birini əvəz etdikcə, dövlətlər formalaşdıqca, dillər yayılmağa, müəyyən dəyişikliklərə məruz qalmağa başlamış, müharibələr, bir ölkənin başqa ölkənin ərazisini zəbt etməsi, müəyyən xalqların əsarətə alınması, hətta dogma ana dilinin yasaq edilməsi hallarına dair tarixi mənbələrdə faktlar kifayət qədər vardır. Bu baxımdan, Azərbaycan xalqı da, onun dogma dili olan Azərbaycan dili də tarixin keşməkeşli sınaqlarından keçmişdir. Dilin yazılı daşıyıcısı olan əlifbamız dəfələrlə dəyişikliyə məruz qalmışdır.
Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
“Ümummilli Liderin ana dilimizə həssas münasibəti Prezident İlham Əliyevin apardığı dil siyasətində də davam etdirilir. Bunu ölkə Prezidentinin dilimizin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar və imzaladığı sərəncamlar bir daha təsdiqləyir.
Prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı və dövlət tərəfindən icra edildi. Prezident İlham Əliyev 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar imzaladı və bu sərəncamların icrası ilə həyatımızın bütün sahələrində ana dilinin daha geniş tətbiqi gerçəkləşdirildi. Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Gündən günə sürətlənən qloballaşma şəraitində belə bir Dövlət Proqramının qəbul olunması və icrasını ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə hesab etmək olar”.
Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir. Beləliklə, ana dilimizlə bağlı dövlət səviyyəsində görülən tədbirlər və qəbul edilən qərarlar milli varlığımızın aynası olan dilimizin daim təkmilləşdirilməsini və qorunub saxlanmasını tam təmin edir”.
Ölkə rəhbərliyinin gördüyü bütün işlər ana dilimiz olan Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Tarixi keçmişimizi özündə yaşadan qədim və zəngin mədəniyyətə sahib ana dilimizi qoruyaq, yaşadaq və inkişaf etdirək!
İlhamə Əliyeva
147 nömrəli Texniki-humanitar liseyin azərbaycan dili-ədəbiyyat müəllimi