CASCFEN sədrindən dövlət qurumlarına və QHT-lərə Dövlət Dəstəyi Agentliyinə müraciət
“Bu danılmaz bir həqiqətdir ki, müasir dövrdə ictimai şuraların fəaliyyəti, xüsusilə dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında onların rolu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ictimai şuralar vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrilməkdədir”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Azərbaycan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiysının katibi Nadir İsmayılov deyib.
CASCFEN sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələnin önəminə toxunub: “Dövlət başçısı çıxışlarında ziyalıları, sadə vətəndaşları, o cümlədən QHT sektorunu ictimai nəzarət məsələsində fəal olmağa səsləyib. Təbii ki, bu da təsadüfi deyil. Çünki səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsində, dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuralar əhəmiyyətli rol oynayır”.
Bununla belə, Nadir İsmayılov dövlət qurumlarında ictimai şuralara seçkilər ərəfəsində bəzi narahatlıq doğuran məqamlara da diqqəti yönəldib: “Təəssüflər olsun ki, bizdə bəzi qurumlar hələ də keçmiş SSRİ-nin bürokratik idarə üsullarında, lazımsız karküzarlıq ənənəsindən qurtara bilmirlər. Mən bunu sadəcə söz xətrinə demirəm. Dünya, o cümlədən Azərbaycan müasir inkişaf mərhələsinə qədəm qoyub. İndi texnika inkişaf edib, informasiya əldə etmək üçün imkanlar çox genişlənib. Bu isə əlavə hansısa arayışların alınması, yaxud da hansısa artıq bilgilərin tələb edilməsi prosesinə son qoyulmasını bizdən tələb edir. Lakin çox təəssüflər olsun ki, müasir həyatda bəzən biz bunun tamamilə əksinin şahidi oluruq. Məsələn hansısa bir dövlət qurumu İctimai Şuraya seçkilərdə səsvermədə iştirak üçün (sadəcə səsəvermədə iştirak üçün, namizəd olmaq üçün deyil) namizədin şəxsiyyət vəsiqəsinin surətini tələb edir. Çox gözəl, tələb olunmalıdır. Amma eyni zamanda, ərizə formasında həmin adamın hansı ilin, hansı ayında doğulmasının yazılması da tələb edilir. Bu isə sadəcə acı təbəssüm doğurur. Zatən o şəxsin şəxsiyyət vəsiqəsi təqdim olunur və hər kəsin şəxsiyyət vəsiqəsində doğum tarixi yazılır axı, dəyərli insanlar. Eyni şeyi təkrar istəmək nə qədər doğrudur? Və yaxud deyək ki, səsvermədə iştirak etmək üçün namizədin kimliyi haqqında QHT-dən ərizə tələb olunur, üstəlik də həmin adamın QHT üzvü olması haqqında arayış tələb olunur”.
CASCFEN sədri bu cür hallardan qurtarmaq üçün təklif də verib: “Mən buradan müvafiq dövlət qurumlarına və QHT-lərə Dövlət Dəstəyi Agentliyinə müraciət edirəm. Hesab edirəm ki, dövlət qurumlarındakı ictimai şuralara üvlüklə bağlı, yaxud seçkilərdə iştirakla bağlı vahid sənədlər toplusu hazırlanmalıdır. Bu zaman biz yuxarıda bəhs etdiyim məqamlardan xilas ola bilərik. Yoxsa sabah bir qurum durub tələb edəcək ki, namizəd evli, yaxud subay olması haqqında arayış da gətirsin”.
Son xəbərlər
