Sizin Reklam Burada

Təbiəti sevək və qoruyaq ki, sağlam ətraf mühitdə yaşaya bilək - Komitə sədri

Təbiəti sevək və qoruyaq ki, sağlam ətraf mühitdə yaşaya bilək -5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi günüdür. 1972–ci il iyunun 5-də BMT-nin Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyi, əhali arasında ekoloji maarifləndirmənin genişləndirilməsinin əhəmiyyəti, bu sahədəki problemlərə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq iştirakçılar tərəfindən iyunun 5-i tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu tarix 1973-cü ildən başlayaraq hər il bütün dünyada qeyd olunur.

Təbii ekosistemlər fiziki, zehni sağlamlığımız və şəxsiyyətimiz üçün mühüm faktorlardır. Bilirik ki, sabit iqlim, təmiz hava, su və qida xəstəliklərdən qorunmaq kimi əvəzsiz faydalara malikdir. Amma təəssüf ki, iqlimlə bağlı problemlər, antropogen təsirdən yaranan qlobal istiləşmə, vəhşi təbiətin itirilməsi və ətraf mühitin çirklənməsi və s. kimi problemlər dünyamızın məhv olmaq, bu gözəl planetimizi bizimlə bölüşən milyonlarla növün bir çoxunun yox olması kimi təhdidləri də yaradır. Ancaq müasir dünyada zərəri aradan qaldırmaq, dünyanı bərpa etmək üçün gücümüz və biliklərimizdə mövcuddur. Əslində dünyanın bu sahədə köməyə ehtiyacı var desək, daha doğru səslənər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri diqqətə çatdırıb ki, ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması bütün dünyada olduğu kimi ölkəmizdə də əsas prioritetlərdəndir. Belə problem və məsələlərin həlli bir sıra qanunvericilik və hüquqi aktlarla tənzimlənir. Məsələn, Azərbaycanın Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəalarla öz əksini tapıb. 39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir. Qeyd edək ki, ölkəmizdə ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını “Azərbaycan Respublikasının Qanunu” müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

“Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə hamımızı birləşdirən ortaq dəyərlərimiz olmalı və bu dəyərləri qorumalı olduğumuzu unutmamalıyıq. Yaşadığımız mühitə birlikdə dəyər verib, təbiətimizi evimiz kimi qəbul edib, ona qayğı ilə yanaşaraq, bu günün və gələcək nəsillərin daha sağlam, təmiz və yaşıl ətraf mühitdə yaşamaları üçün əlimizdən gələni etməliyik. Unutmamalıyıq ki, insan təbiətin kiçik bir parçasıdır. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Dünyamızın sabahı və gələcəyi biz insanlarla bizi əhatə edən təbiətin vəhdətindən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu tarazlıq pozularsa nələr baş verdiyini düşünmək gərəkdir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Təbiət həm də bizim həyatımızı gözəlləşdirərək bizə böyük sevinc bəxş edir. Quşların oxuması, çayların şırıltısı, meşələrin şirin pıçıltısı insana dinclik verir. Biz yorğun olanda, sevincli, kədərli olanda belə təbiət qoynunda rahatlıq tapırıq. Əgər biz təbiəti məhv etsək, ona qayğı ilə yanaşmasaq, özümüzü, öz sağlamlığımızı məhv etmiş olarıq. Hər bir insan təbiəti qorumalı və qayğısını çəkməlidir”, - deyə S.Qurbanov vurğulayıb.

Komitə sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub. Təbiətin qayğısını çəkməklə insan öz sağlam və etibarlı gələcəyini təmin edir.

“44 günlük Vətən müharibəsindən sonra Qarabağda həyata keçirilən quruculuq işlərində ətraf mühitin mühafizəsi əsas prioritet təşkil edir. Prezident İlham Əliyevin irəli sürdüyü “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasında şəhər və kəndlərimizdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioriteti kimi dəyərləndirilir. Bütün hallarda insan amilinin önə çəkilməsi Azərbaycan dövlətinin əsas qayəsidir. Təbiəti sevək və qoruyaq ki, sağlam ətraf mühitdə yaşaya bilək. Təbiəti sevək və qoruyaq!”, - deyə Milli Məclisin komitə sədri çağırış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər