Məktəbdə Ulu öndərə həsr olunmuş şagird konfransı keçirilib
29 aprel 2023-cü il tarixdə paytaxtın İ.Məmmədov adına 298№-li tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi şagirdlərin düşüncəsində” adlı şagird konfransı təşkil olundu. İ.Məmmədov adına 298№-li tam orta məktəbin təşkilatçılığı ilə baş tutan konfransa şəhərin 6 məktəbi də tərəfdaş kimi qoşulmuşdu.
Konfrans iştirakçıları məktəbə daxil olarkən ilk növbədə qeydiyyatdan keçərək, konfransın məzmununu əks etdirən bukletlərlə təmin olundular.
Qeydiyyat bitdikdən sonra konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan məktəbin direktoru Xatirə Hacıyeva öz çıxışında Ulu öndər Heydər Əliyev haqqında düşüncələrini dilə gətirdi. X.Hacıyeva Ulu öndəri Azərbaycan xalqının xilaskarı, onun mədəniyyətinin, adət-ənənələrinin, təhsilinin, elminin böyük himayədarı kimi xarakterizə etdi. O, Azərbaycanın görkəmli oftolmoloq-alimi, Ulu öndərin həyat yoldaşı Zərifə xanım Əliyevanın dövlətçiliyimiz və elmimiz qarşısındakı xidmətlərindən bəhs etdi. Daha sonra ümummilli lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın, eləcə də Vətənimizin azadlığı uğrunda canını qurban vermis şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfrans öz işinə başladı.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Nuriyeva konfransın gündəliyi haqqında məlumat verərək məruzəçiləri bir-bir tribunaya dəvət etdi. Konfransda Qamət Abbasov adına 284№-li tam orta məktəbin 10-cu sinif şagirdi Tərlan Bayramzadə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”, 267№-li tam orta məktəbin 9-cu sinif şagirdi Selcan Rəsulzadə “H.Əliyev və Azərbaycan ordusu”, Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Mədinə Mahmudova “Mən müəllim adından yüksək ad tanımıram”, Mehdi Mehdiyev adına 280№-li tam orta məktəbin 10-cu sinif şagirdi Mədinə Hüseynova “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, İ.Məmmədov adına 298№-li tam orta məktəbin 8-ci sinif şagirdi Fatimə Məmmədzadə “Təhsil millətin gələcəyidir” gəncliyin böyük himayədarı – H.Əliyev”, 145№-li tam orta məktəbin 8-ci sinif şagirdi Yamil Hidayətli “Dünya ölkələri liderlərinin H.Əliyev haqqında fikirləri” mövzusunda məruzə söylədilər.
Uşaqların məruzələri Ulu öndər H.Əliyevin aforizmə çevrilmiş kəlamları ətrafında aparılmış araşdırmaları üzərində qurulmuşdu. Ən maraqlısı isə bu idi ki, hər bir çıxışçıdan əvvəl ekranda H.Əliyevin məruzələrindən qısa fraqmentlər göstərilirdi. Kadrın nümayişindən artıq izləyicilərə növbəti məruzəçinin mövzusu aydın olurdu. Hər bir şagirdin məruzəsi onun əhatəli araşdırmasının nəticəsi kimi diqqəti cəlb edir, şagirdlərin Ulu öndərə olan sevgisinin bariz nümunəsi kimi görünürdü.
Məruzələrdən sonra konfransın bədii hissəsi başlandı. 298 nömrəli tam orta məktəbin şagirdi Nihad Əhmədova “Unudulmaz dahi” adlı ədəbi-bədii kompozisiyanın idarə olunması həvalə edildi. Ədəbi-bədii kompozisiya məktəbin şagirdlərindən Nigar Nəzərovanın, Nuray İbrahimlinin, Duyğu Təhməzovanın, Fidan Quliyevanın söylədikləri şeirlər, 4b sinif şagirdlərinin ifa etdikləri “Heydər babanın nəvələriyik” adlı mahnı iştirakçıların marağına səbəb oldu. Ədəbi-bədii kompozisiyanın sonunda Ulu öndərin görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeirini söylədiyi kadrın nümayiş olunması konfrans iştirakçılarının qəlbini riqqətə gətirdi. İştirakçılar bu videonu ayaqüstə izlədilər.
Ədəbi-bədii kompozisiyadan sonra konfrans iştirakçıları üçün çay fasiləsi elan olundu. Fasilədə məktəbin musiqi müəllimi Sevinc İmanovanın və özünün rəhbərlik etdiyi dərnək üzvləri “Ulu Öndər” mahnısını və popuri canlı ifa etdilər. Eyni zamanda qonaqlar koridorda təşkil olunmuş sərgi ilə tanış oldular. Sərgidə məktəbdə keçirilmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsində qalib olmuş rəsmlər və əl işləri, eləcə də məzunlarımızın məktəbə hədiyyə etdiyi işlər nümayiş olundu.
Sonra konfrans iştirakçıları tədbirin “Ustad dərslər” bölməsinə qoşuldular. ADPU-nun Tarix-coğrafiya fakültəsinin müəllimləri Taleh Cəfərov “Heydər Əliyev və Azərbaycan diasporu, Dəyanət Musayev “Heydər Əliyev və elm siyasəti”, ADPU-nin müəllimi Cəfər Xanəliyev “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dərslər verdilər. Peşəkarlıqla aparılan dərslər Ulu öndərin böyük şəxsiyyəti haqqında şagirdlərdə əhatəli təsəvvürün yaranmasında müstəsna əhəmiyyətli hal kimi dəyərləndirilə bilər.
Sonda konfransda çıxış edən şagirdlərin hər birinə sertifikat təqdim olundu.
Konfransın reallaşmasına dəstək olan məktəbimizin direktoru Xatirə Hacıyevaya, maraqlı ustad dərsləri ilə uşaqların və müəllimlərin diqqətini cəlb edən, şagirdlərdə Ulu öndərə böyük sevgi yaradan ADPU-nun müəllimləri Taleh Cəfərova, Dəyanət Musayevə, Cəfər Xanəliyevə, məruzələrin hazırlanmasında və bizimlə hazırlıq görüşlərində iştirakını təmin etdiyinə görə əməkdaş məktəblərə, məruzəçi şagirdlərə eləcə də ədəbi-bədii kompozisiyanın təşkilində fəal iştirak etdiklərinə görə təşkilatçı müavini Xatirə Rəhimovaya, texniki dəstəyə görə laborant Aytən Qurbanovaya, ümumiyyətlə bu işdə mənə dəstəyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.
Mahirə NURİYEVA,
Bakı şəhəri, Binəqədi rayonu İ.Məmmədov adına 298 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini