“Atamın Prezident təqaüdü mənə verilməlidir” - Milli Qəhrəmanın qızı
Azərbaycanın mərhum Milli Qəhrəmanı Maşallah Abdullayevin qızı Gülxanım Abdullayeva Modern.az-ın redaksiyasına müraciət edərək, atası üçün ayrılan Prezident təqaüdünün ona verilməsini istədiyini bildirib.
Milli Qəhrəmanın yeganə övladı saytımıza ünvanladığı müraciətində deyib: “Atam Maşallah Abdullayev 1992-ci il 23 iyunda verilmiş 6 saylı fərmanla Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. 2005-ci ilə qədər heç bir yerdən təqaüd, aylıq maaş almayıb. 2005-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə milli qəhrəmanlara təqaüd verilməyə başlandı. Bu təqaüd verilənə qədər atamın anası 2002-ci ildə dünyasını dəyişdi. 2003-cü ildə isə onun həyat yoldaşı, yəni anam vəfat etdi. Bundan sonra ailədə yalnız atam və mən qaldıq. Məndən başqa bacım, qardaşım yoxdur. Yəni mən atamın tək varisiyəm. Buna görə də, atama verilən təqaüd mənə verilməlidir. Axı, bu fərdi təqaüd deyil, Prezident təqaüdüdür. Yəni bu təqaüd qəhrəmanın ölümündən sonra onun anasına, atasına, övladına verilir”.
G.Abdullayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini, lakin müsbət cavab almadığını söyləyib:
“7 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Mənə hələ dünən cavab verildi ki, sizə təqaüd düşmür. Mən bilirəm ki, təqaüd qəhrəmanın 18 yaşına çatmamış və magistr təhsili alan 23 yaşına çatmamış övladına verilir. Ancaq mən onlara dərinliyi ilə demədim ki, axı, atamın anası və həyat yoldaşı bu təqaüdü almayıblar. Özü də sağlığında mənə vərəsəlik verib. Mən bu təqaüdü onun yeganə övladı olduğum üçün istəyirəm. Axı, bu təqaüd atamın müharibədə çəkdiyi əziyyətin qarşılığıdır. Mən məqsəd və məramımı Goronboy rayonu Dövlət Sosial Müdafiə Fonduna da dedim. Burada mənə mənfi reaksiya verildi. Dedilər ki, “büdcədə sizə verməyə pul yoxdur”. Axı biz neft-qaz ölkəsində yaşayırıq. Necə yəni Milli Qəhrəmanın övladına deyilir ki, “büdcədə sizə verməyə pul yoxdur". Mən Prezidentimizdən və Mehriban xanımdan xahiş edirəm ki, bu məsələdə mənə köməklik göstərsinlər”.
G.Abdullayeva sosial durumundan da danışıb: “Mən müəlliməm. Həyat yoldaşım ali təhsillidir. İxtisasca ekoloqdur, lakin işləmir. 3 övladım var. Evdə yalnız mən maaş alıram”.
Modern.az saytı Milli Qəhrəmanın övladının müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb
Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuza cavabında bildirib ki, sözügedən şəxsin, yəni Gülxanım Abdullayevanın təqaüd almaq hüququ yoxdur:
"Şəhid ailəsinin üzvü kimi Prezident təqaüdü şəhidin arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına onlar əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, habelə qanunla şəhidi saxlayan olmadıqda baba və nənələrinə verilir. Sözügedən şəxsin hər hansı bir əlilliyi olmadığına və yaşı 23-dən çox olduğuna görə bu təqaüdü almaq hüququ yaranmır".
Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub. Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. 1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri kimi fəaliyyət göstərib.
2022-ci ilin oktyabr ayında vəfat edib, Goranboy şəhər qəbiristanlığında torpağa tapşırılıb.