Özünü DTX əməkdaşı kimi təqdim edib, pul alır - Video
Son günlər sosial şəbəkələrdə özünü Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edən şəxsin insanlardan pul aldığına dair paylaşımlar edilir.
Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxsin daha çox paytaxtın "Nəriman Nərimanov" metrostansiyasının çıxışında taksilərə minib, bir qədər yol getdikdən sonra sürücülərdən pul tələb etdiyi iddia olunur.
Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxsin kim olduğu məlum deyil. Son aylarda müntəzəm olaraq taksi fəaliyyəti göstərən şirkətlərin proqramları üzərindən komfort tipli maşınları idarə edən sürücülər bənzər hadisələrdən şikayətçidirlər.
Bütün bu hadisələri birləşdirən isə eyni görüntüyə malik olan sərnişindir. Səliqəli geyimdə (adətən kostyum, qalstuk, qara və ya ağ köynək) olan bu şəxs sürücülərdən müxtəlif bəhanələrlə, müxtəlif məbləğlərdə vəsaitlər alaraq aradan çıxır. Sürücülər Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölmələrinə müraciət etdiklərini bildirirlər. Məsələ burasındadır ki, həmin şəxs (və ya şəxslər) öz əməllərini eyni ssenari üzərindən hələ də davam etdirir(lər).
Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sözügedən məsələdən məlumatlıdırlar:
“Məsələ ilə bağlı araşdırma aparılır. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.