Baş Prokurorluğun keçmiş əməkdaşının şok əməlləri
Bir neçə ay əvvəl xarici ölkədə həbs edilərək Azərbaycana ekstradisiya edilən Baş Prokurorluğun keçmiş əməkdaşı, 1985-ci il təvəllüdlü Rövşən Zalovun hansı əməllərdə təqsirli bilinməsi üzə çıxıb.
Avrasiya.net Globalinfo.az-a istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 32.4, 312.2, 318-1.2.1, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə iş açılmış R.Zalov məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin ümumilikdə 4 nəfərin ailələri ilə birgə xaricə, əsasən də Almaniyaya qanuni şəkildə köçərək bu ölkələrdə rahat yaşayacağına təminat verməsi və onlardan müvafiq olaraq 10 000, 10 000, 12 500 və 23 000 manat pul alması məlum olub.
Həmçinin qeyd edilib ki, Rövşən Zalov tanışı Akif vasitəsilə həmin şəxsləri tanıyıb və onların viza məsələlərini öz üzərinə götürüb. Lakin o, verdiyi vədlərə əməl etməyib, xaricə göndərdiyi şəxslər də qısa vaxt sonra deportasiya edilib. Bir müddət sonra Rövşən Zalov Azərbaycandan qaçaraq Türkiyədə yaşamağa başlayıb.
İstintaq zamanı məlum olub ki, ali təhsilli olan Rövşən Zalov illər əvvəl Baş Prokurorluqda və bir müddət sonra Suraxanı rayon prokurorluğunda texniki işçi kimi çalışıb. O, daha sonra özünü turizm şirkətinin rəhbəri kimi tanıdıb.
Barəsində çoxsaylı şikayətlər olduqdan sonra Rövşən Zalov barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsində cinayət işi açılıb.
Türkiyədə tutularaq ölkəyə gətirilən şəxsin məhkəməsi 2022-ci il dekabrın 28-də başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.