Sizin Reklam Burada

Tarixi torpaqlarına qayıtmaq və orada yaşamaq Qərbi Azərbaycanlıların danılmaz haqqıdır

Tarixi torpaqlarına qayıtmaq və orada yaşamaq Qərbi Azərbaycanlıların danılmaz haqqıdırAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 24 - də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü vaxtında və yeni hədəflərə hesablanmış bir görüş idi.

Tədbirdə çıxışı zamanı cənab Prezidentin dediyi hər bir cümlə təkcə qərbi Azərbaycanlıların deyil bütün Azərbaycan xalqının həmişə böyük həsrətlə gözlədiyi sözlər idi.

Bildiyimiz kimi, bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Tədbirdə çıxışı zamanı dövlət başçısı bildirdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil.

Cənab Prezident çıxışında vurğuladığı əsas məqamlardan biri də o idi ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İlk demokratik dövlətimizin yaranma tarixini xatırlayan Prezident İlham Əliyev “Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır. ADR doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı.” Deyə bildirdi.

Eləcə də bildirdi ki, tarix təhrif olunmamalıdır. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.
1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi.

1980-ci illərin sonlarında isə o vaxtlar dövlətin başında olan Qorbaçovun iştirakı və bilavasitə fəaliyyəti ilə sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi.
44 günlük tarixi müharibədən danışan İlham Əliyev bildirdi ki, İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır.

Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqləmirdi. İki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə Cənab Prezident davam edən ermənilərin növbəti taxribatının nəticələrindən də danışdı. Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük.

Siyasi iradə və prinsipial mövqenin önməliliyini vurğulayan dövlət başçısı qeyd etdi ki, hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan. Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər.

Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.
Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır.
Cənab Prezident bir daha kəskin mövqeyini xatırladaraq bildirdi ki, heç kim bizə təsir göstərə bilməz. İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.

Qərbi Azərbaycan icmasının qarşısında bir sıra vəzifələr durur. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Mövcud istiqamətdə görülən iş bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Təşkilat qurulub, icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər də veriləcəkdir. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Azərbaycan çərçivəsində icmanın fəallığı çox önəmli ola bilər.
Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi, Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.

Qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik.

Eləcə də İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.
Cənab Prezident bildirdi ki, Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır.

Prezident İlham Əliyev əvvəlki adətən 24 dekabr ad günündə məcburi köçkünlərlə bir yerdə olub və bu günü ailə üzvləri ilə qeyd edir. İcma üzvləri ilə görüşdə Dövlət Başçısı bildirdi: “Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm”.
Tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.

Biz heç vax inamımızı itirməməliyik. 11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olanda Prezident İlham Əliyev demişdir: “Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm” – və o gün gəldi. Ona görə də Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda da gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.

Qərbi Azərbaycan məsələsi həmişə Ulu Öndər Heydər Əliyevin də, cənab Prezident İlham Əliyevin də diqqətində olmuşdur. Bu mövzu hər zaman onların nitqlərində əsas mövzulardan hesab etmişdir. O nitqlərdən bəzilərini xatırlayaq:

- “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.” - 23.02.1994-cü il, Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı.
- “Mən həmişə belə fikirdə olmuşam. Azərbaycan Prezidenti kimi də bunu dəfələrlə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, biz azərbaycanlılar, Azərbaycan xalqı başqalarının torpağına göz dikməmişik. Baxmayaraq ki, keçmiş dövrlərdə Azərbaycanın torpaqlarının bir qismi cürbəcür hadisələr nəticəsində başqa əllərə keçibdir, o cümlədən indi Ermənistanın sərhədlərinin içərisində olan torpaqların bir hissəsi də dövri-qədimdən Azərbaycan torpağı, Azərbaycan diyarı olubdur: Göyçə mahalı da, Zəngəzur mahalı da, başqaları da.” - 01.04.1996-cı il, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşü;

- “Ermənistan deyəndə o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır” - 27.05.1997-ci il, Milli bayram – Respublika Günü münasibətilə təntənəli yığıncaqda nitqi;
- “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.” - 10.12.1998-ci il, “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumu zamanı çıxışı;

- “Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni.” - 15.02.2000-ci il, Cons Hopkins Vaşinqton Universitetində görüşdə nitqi;

- “Təbiidir ki, Azərbaycan torpaqlarının hamısı Azərbaycana məxsusdur. Hətta indiki Ermənistan ərazisində olan torpaqların da böyük bir qismi Azərbaycana məxsusdur. Zəngəzur tamamilə Azərbaycan torpağıdır. Vaxtilə orada yaşayanların tam əksəriyyəti, çoxu azərbaycanlılar olublar. Amma Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci ildə Sovet İttifaqına daxil olan cümhuriyyətlərin sərhədləri qurulanda belə bölüblər, Azərbaycan torpaqlarının bir qismini Ermənistana veriblər.” - 23.08.2000-ci il, Türkiyənin dövlət naziri Abdulhaluk Mehmet Çayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü;
- “XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir.” - 17.06.2002-ci il, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşü.

Qərbi Azərbaycan mövzusu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqlərində

- “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.” - 29.03.2005-ci il, “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə Azərbaycan xalqına müraciəti;

- “İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər.” - 17.01.2008-ci il, Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin açılış mərasimi;
- “Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur.” - 16.09.2010-cu il, İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı;

- “Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır.” - 07.11.2010-cu il, Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimi;
- “Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir.” - 05.07.2011-ci il, Dünya Azərbaycanlılarının III qurultayı;
- “Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır.” - 31.12.2012-ci il, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik nitqi;
- “...bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir.” - 10.04.2015-ci il, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas;

- “Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər.” - 11.09.2015-ci il, Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammiti;
- “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir.” - 08.02.2018-ci il, Yeni Azərbaycan Partiyasının VI qurultayı;

- “Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı.” - 15.10.2019-cu il, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü;
- “Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir. Ermənilərin bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. İrəvanla bağlı da məsələ eynidir.” - 13.07.2021-ci il, “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans;

- “Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır.” - 22.04.2022-ci il, Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı;
- “1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.” - 27.05.2022-ci il, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi.

Pənah İmanov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər