Sizin Reklam Burada

Ağsaqqallar Şurası Gəncədə “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçirib

Ağsaqqallar Şurası Gəncədə “Narkomaniyaya yox deyək!” devizi altında konfrans keçiribAzərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları bir çox aktual məsələlərlə bağlı, o cümlədən cəmiyyətimizin, xüsusilə gənc nəslin maarifləndirilməsi, onların zərərli vərdişlərdən uzaq, sağlam təməllər üzərində böyüməsi üçün mütəmadi olaraq tədbirlər, görüşlər keçirir. Növbəti belə mühüm tədbir Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən “Narkomaniyaya yox deyək!” devizi altında keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş tutan konfransda Respublika Ağsaqqallar Şurasının sədri müavini Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, ADAU-nun prorektoru Aida Qasımova, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin şəhər ağsaqqalları, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Konfransda torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra bütün tədbir iştirakçılarını salamlayan Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov dünyamız üçün ən böyük bəlalardan biri olan narkomaniyanın törətdiyi fəsadlardan söz açıb, bu “ağ ölümə” qarşı mübarizənin bu gün hamımız üçün çox aktual xarakter daşıdığını bildirib. Narkomaniya əleyhinə görülən tədbirlərin daim ölkə rəhbərliyinin, aidiyyatı qurumların diqqət mərkəzində olduğunu qeyd edən natiq vurğulayıb ki, mövqeyindən, vəzifəsindən, yaşından asılı olmayaraq bizim hər birimiz – ağsaqqalımız, gəncimiz, müəllimimiz, tələbəmiz, bir sözlə hər bir vətəndaşımız bu bəlaya qarşı aparılan mübarizədə əlindən gələni etməlidir.

ADAU-nun prorektoru Aida Qasımova öz çıxışında konfransın mövzusunun çox önəmli olduğunu qeyd edərək, belə bir tədbirin keçirilməsinə görə Azərbaycan Ağsaqqallar Şurasına minnətdarlığını ifadə edib və vurğulayıb ki, hazırda narkomaniyanın tələbələr, hətta şagirdlər arasında yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tərbiyəvi işlər və maarifləndirmə tədbirləri gücləndirilməlidir. O, təmsil etdiyi təhsil müəssisəsi tərəfindən bu istiqamətdə bir sıra işlər həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, narkotikdən istifadənin milli-mənəvi dəyərlərimizə zidd, Vətənə, ailəyə xəyanət olduğunu bildirib və bütün cəmiyyəti bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyib.

Sonra Gəncə Şəhər Psixonevroloji dispanserin həkim-psixiatoru Sitarə Həsənova “Narkotik maddələrdən istifadə etmə nəticəsində baş verə biləcək fəsadlar”, Şəhər Narkoloji dispanserinin baş həkimi Etibar Xəlilov “Narkoloji xəstələrin müayinə və müalicəsi”, Gəncə Baş Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsinin rəisi, polis kapitanı Rəşad Musayev “Narkomaniya ilə mübarizə və onun aradan qaldırılması tədbirləri” mövzularında, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov və digər natiqlər əhəmiyyətli və maariifləndirici çıxışlar ediblər.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz bura çox aktual və təəsüf ki, çox ağrılı bir məsələ ilə bağlı yığışmışıq. Bəşəriyyət üçün böyük bir bəlaya çevrilən narkomaniya artıq, demək olar ki, bizim üçün 1 nömrəli problemə çevrilib. Natiq əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən müntəzəm olaraq bu mövzuda tədirlər, görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır, bu bəlaya qarşı hamımızı səfərbər olmağa və mübarizə aparmağa çağıran həyəcan təbili çalınır.

Bayram Yusifov gənclərimizi narkomaniyaya cəlb edən şəxslərin müəyyənləşdirilməsində və onların ifşa edilməsində ictimaiyyətin qüvvəsindən daha çox istifadə olunmasını vacib sayaraq, hər bir kəsi, əsasən də gənclərin özünü ayıq-sayıq olmağa və onları bu işlərdə yaxından iştirak etməyə çağırıb. O bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən Azərbaycanı, onun uğurlarını gözü götürməyən bəzi xarici, şər qüvvələrin ölkəmizdə narkomaniyanın yayılmasında xüsusi siyasi və maddi maraqlarının olduğunu da unutmamalıyıq.

Buna görə daha da güclü olmalı, bu şər qüvvələrə, onların mənfur niyyətlərinə qarşı birləşməli və narkomaniyaya qəti şəkildə yox deməliyik. Narkomaniyanın genofondumuzu məhv edən, cəmiyyətimizin, xüsusilə də gənclərimizin milli-mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran təhlükə mənbəyi olduğunu vurğulayan Bayram müəllim qeyd edib ki, buna görə də hər zaman dəyərlərimizi qoruyan, onları yaşadaraq gələcək nəslə ötürən ağsaqqallarımız narkomaniya ilə mübarizədə ön cəbhədədirlər və insanlarımızın bu bəladan qurtulması üçün əllərindən gələn heç nəyi əsirgəmirlər.

Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı və onun törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilən konfransda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında səmərəli diskusiyalar da aparılıb.

Konfransın sonunda Bayram Yusifov bu yaxınlarda 85 illik yubileyini qeyd edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədova Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin yubilyara ünvanldığı təbriki təqdim edərək, ona Azərbaycanın Əməkdar rəssamı Rza Avşar tərəfindən çəkilmiş portret rəsmini hədiyyə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər