Deputat uşaqları zorlayanların axtalanmasını təklif etdi
İntihar edən kişilərin sayı qadınlardan çoxdur. Amma qadınların intiharının əsas səbəbi məişət zorakılığıdır.
Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.
Onun sözlərinə görə, uşaqların intiharına səbəb daha çox ata-ananın davasıdır. Digər tərəfdən, uşaqlara qarşı cinsi istismar halları mövcuddur: "Belə hallar Azərbaycanda da baş verir. Bununla bağlı cəzalar sərtləşdirilməlidir, bunu edənlər axtalanmalıdır”.
Deputat daha sonra erkən nikah probleminə diqqət çəkib: “Mənim təmsil olunduğum Şamaxı rayonunda da bu problem var. Şamaxının Şıxbaba kəndində 9-cu sinifdə demək olar qız uşaqları yoxdur. Biz az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Qonşuda bir-birinə baxırlar, qardaş deyir ki, onun bacısı məktəbə getmir, mənimki də getməsin”.