Məktəbli və müəllimlərin iştitakı ilə Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilib

Məktəbli və müəllimlərin iştitakı ilə Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilibQuba rayon Hacıqayıb kənd tam orta məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Hacıqayıb kənd tam orta məktəbinin direktoru Şəmsəddin Feyzullayev, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı Seydbala Əliyev bu əhəmiyyətli tədbiri Quba rayonunda yeniyetmə və gənclər üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Quba rayonunun Hacıqayıb, Hacıhüseynli, Davidoba, Əliməmmədoba, Qımılqışlaq kəndlərində və Gənclər qəsəbəsində yaşayan və təhsil alan məktəblilərdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda Hacıhüseynli kəndini təmsil edən “Turan” komandası birinci, Qımılqışlaq kəndinin eyniadlı komandası ikinci, Əliməmmədoba kəndinin “Bayraqdar” biliciləri isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar diplom, kubok və medallarla təltif edilib.

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.