Məmmədovun əmlakları: İkinci mənzili Aygün Kazımovadan alıb

Məmmədovun əmlakları: İkinci mənzili Aygün Kazımovadan alıb"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov və onun ailə üzvlərinə məxsus əmlakların qiymətləndirmə sənədləri araşdırılıb.

Rasim Məmmədov, onun ailə üzvləri, yaxın qohumlarının adına rəsmiləşdirimiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337.55 kvadrat metr yaşayış evi 331 min manat, Mərdakan qəsəbəsində daha bir evin 223 min manat qiymətləndirildiyi məlum olub.

Bundan başqa, elan olunan sənədlərdə qeyd olunub ki, Rasim Məmmədovun ailə üzvlərinə məxsus Parlament küçəsindəki qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub.

Rasim Məmmədov deyib ki, bu hadisələr baş verəndən sonra ona və ailə üzvlərinə məxsus 22 milyon manatlıq əmlakı alqı-satqı yolu ilə satılıb. Onun sözlərinə görə, həmin əmlaklar bəzi borcların bağlanması üçün satılıb. Qeyd edib ki, bu gün üzərinə həbs qoyulan əmlakların bir çoxunun sahibləri başqa adamlardır.

Daha sonra səslənən sənədlərdə göstərilib ki, Ziya Bünyadov prospektində 2 min 600 kvadrat metr qeyri-yaşayış sahəsinin, Sabunçu qəsəbəsi, Maykoviski küçəsində yerləşən iki qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub. Hakim deyib ki, Sabunçu qəsəbəsində olan əmlaklar 120 min manat məbləğində qiymətləndirilib.

Bundan başqa, Şüvəlan qəsəbəsində bağ sahəsinin, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında qeyri-yaşayış sahəsinin, Azadlıq prospekti, 54A ünvanında mənzilin üzərinə də həbs qoyulub.

Daha sonra sənədlərdən məlum olur ki, Rasim Məmdova məxsus olduğu iddia olunan Yasamal rayonu, Şərifzadə küsində qeyri-yaşayış sahəsi 2 milyon manat dəyərində qiymətləndirilib və üzərinə həbs qoyulub.

Daha sonra hakimlər Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adına Abbasqulu Abbaszadə, 108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin də üzərinə həbs qoyulduğunu, məktəbin 22 milyon 487 min 150 manat qiymətləndirildiyini açıqlayıblar.

Rasim Məmmədov isə deyib ki, məktəbin 50 faizi onlara, digər 50 faizi isə başqa şəxsə məxsusdur. Rasim Məmmədovun vəkilləri isə deyiblər ki, ittiham aktında məktəbin 24 milyon manat qiymətləndirildiyi göstərilib.

Hakim həmçinin deyib ki, işdə "Baku Steel Company" MMC rəhbərinin 1-ci müavini olmuş Çingiz Həsənova məxsus əmlaklar var, həmin əmlakların hamısı Çingiz Həsənovun öz adına olub. Hakim deyib ki, Çingiz Həsənovun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb. Bu səbəbdən həmin əmlakların siyahısını açıqlamayıb.

Daha sonra iş materiallarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində Rasim Məmmədova məxsus "No FE ROS" MMC-nin yerləşdirdiyi torpaq sahəsinin üzərinə həbs qoyulub. Bildirilib ki, həmin torpaq sahəsi 10 milyon manat, şirkətin avadanlıqları isə 25 milyon 800 min manat məbləğində qiymətləndirilib.

Rasim Məmmədov deyib ki, sənədlərdən həm torpaq sahəsinin, həm də şirkətin avadanlıqlarının üzərinə həbs qoyulduğu məlum olur. Rasim Məmmədov bildirib ki, həmin torpağın üzərinə həbs qoyulması qanunsuzdur, çünki həmin torpaq sahəsi dövlətə məxsusdur.

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Əmlakının İdarə edilməsi Xidmətindən əmalaklarla bağlı verilən sənəd elan olunub. Sənəddə əmlakların alınma tarixi və sahiblərinin adları qeyd olunub.

Sənəddə qeyd olunub ki, Xətai rayonu, Tağıyev küçəsində 2 min 600 kvadrat metr əmlak kompleksinin üzərinə həbs qoyulub, həmin əmlak Rasim Məmmədovun atası Hikmət Məmmədovun adınadır.

Bundan başqa, Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küçəsində bir neçə mənzilin üzərinə həbs qoyulduğu qeyd olunub, həmin mənzillər Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova məxsus olduğu qeyd olunub.

Rasim Məmmədov deyib ki, İsmayıl Bəy Qutqaşınlı küçəsində yerləşən mənzil həyat yoldaşına atasından miras qalıb.

Xatırladaq ki, Rasim Məmmədov, onun ailə üzvləri və yaxın qohumlarının məxsus olan üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 70 milyon manatdır.

İş materiallarında Sulutəpə qəsəbəsində də Rasim Məmmədova məxsus əmlakın üzərinə həbs qoyulduğu gösrəilsə də, o, həmin ərazidə ümumiyyətlə əmlakı olmadığını bildirib. O, özünün, atasının və qayınatasının bağ evləri olduğunu və həmin bağ evlərinin hamısının “Baku Steel Company”dən öncə alındığını deyib.

Üzərinə həbs qoyulan əmlaklar arasında Rasim Məmmədovun özü, həyat yoldaşı Mehriban Məmmədova, qayınatasına məxsus əmlaklar var. Vəkili Zibeydə Sadıqova bildirib ki, istintaq orqanının təqdimatı əsasında məhkəmənin qərarı ilə Rasim Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub.

Lakin həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dair heç bir sübut ortaya qoyulmayıb:

“Baxmayaraq ki, həmin əmlaklar əvvəl əldə olunub, iş materiallarında onların əldə olunması sonrakı dövrə rəsmiləşdirilib. Bütün bu hallarla bağlı şikayət vermişik, təəssüf ki, təmin olunmayıb. Apellyasiya şikayəti versək də, həmin şikayətimiz də təmin edilməyib”.

Rasim Məmmədov da üzərinə həbs qoyulan əmlaklarla bağlı narazılığını bildirib. O deyib ki, həyat yoldaşına atasının bağışladığı əmlakların üzərinə belə həbs qoyulub: “Atasının bağışladığı əmlakın da üzərinə həbs qoyulub, bu nə deməkdir? Yaxud yoldaşımgil üç bacıdılar, bir bacıya görə atanın bütün əmlakına həbs qoyulub, bundan digər iki bacı da əziyyət çəkir".

Məhkəmədə məlum olub ki, Rasim Məmmədovun Səməd Vurğun küçəsində yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki, həmin mənzillərdən birini 2003-cü ildə alıb, ikinci mənzili isə 2009-cu ildə müğənni Aygün Kazımovadan alıb. Bildirib ki, həmin binada nazirdən tutmuş, müənniyə qədər çox adam yaşayırdı.

Növbəti proses noyabrın 21-də davam edəcək.