Regionla bağlı verilən qərarlarda Azərbaycanın milli maraqları əsas götürülür
Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də dünya miqyasında mühüm nəticələrə yol açıb. 30 ilə yaxın erməni tapdağı altında qalan torpaqlarımızı öz doğma sahiblərinə qovuşduran Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev regionda yeni reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sahədəki üstünlüklərini uğurla icra edən Azərbaycanın bu bölgədə tənzimləyici rolu artıb. Eyni zamanda, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt artıq dünyanın aparıcı dövlətləri tərəfindən də etiraf olunur.
Azərbaycanın regionda söz sahibi olması Ermənistan rəhbərliyində qıcıq yaradır. Bu isə Ermənistanı daha da dərin uçuruma aparır. 10 noyabr kapitulyasiyasına imza atan Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döyür”. Təbii ki, regionda marağı olan ölkələr, hətta Rusiya da anlayır ki, Ermənistanın başqa çıxış yolu yoxdur – Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın uğursuz mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına əməl etməyən, Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan hətta Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırır.
Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına dair Soçidə keçirilən üçtərəfli görüşdə danışıqlar prosesinin məhz Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi üzrə getdiyini bir daha sübut etdi. Soçi görüşündə bir daha kimin qalib, kimin isə məğlub olduğu açıq-aşkar hiss olundu. Keçirilən bu görüşdə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması vahid yanaşma kimi qəbul edildi.
Onu qeyd edim ki, Azərbaycanla Ermənistan münasibətlərinin sabitliyi çox ciddi addımlar tələb edən məsələdir. Soçidə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşdə Prezident cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını növbəti dəfə qorudu. Bunu üçtərəfli görüşün sonunda qəbul edilmiş Bəyanatın mətni də təsdiq edir. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına qarşı heç bir məsələ yoxdur. Çünki, Qarabağ artıq Azərbaycanın daxili işi hesab edilir.
Ümumiyyətlə, Soçi Bəyanatında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğunun öz əksini tapması, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin məqsədyönlü mövqeyinin üçtərəfli görüşdə həlledici rol oynadığını sübut edir.
Kamran Abbasov,
YAP Gəncə şəhər təşkilatının əməkdaşı