Azərbaycanın növbəti diplomatik qələbəsi – Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı
Son illər, xüsusən də Rusiya – Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq daha da dərinləşməyə başlayıb. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü bir sıra tarixi hadisələrlə yadda qaldı.
İlk növbədə, enerji sahəsində əməkdaşlıq daha da genişlənir. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.
Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.
Eləcə də Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.
Bu gün mövcud geosiyasi vəziyyət resurslarımıza tələbatı kəskin artırmışdır. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir.
Azərbayca – Ermənistan münasibətlərində irəliləyiş Sülh sazişinin başlanmasını yavaş-yavaş yaxınlaşdırır. Bu istiqamətdə Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə sülhə daha da yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub.
Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır.
Lakin Ermənistan tərəfindən təxribatlar davam edir.İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil.
Təəssüflə qeyd edilməlidir ki, bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağ Azərbaycandır! Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir.
Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.
Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur.
Ermənistan tərəfindən öz öhdəliyin pozulması faktı son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Kommunikasiyaların açılması artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil.
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Bu da Azərbaycanın növbəti diplomatik qələbəsidir.
Nəhayət Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyan Bəyanat verildi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
Eləcə də sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı.
Güntəkin Məmmədova
147 saylı texniki-humanitar liseyin tarix müəllimi