Beyin Mərkəzləri niyə geniş fəaliyyət göstərə bilmir?
Bu yaxınlarda Beyin Mərkəzlərinin I Forumu keçirildi. Ümumilikdə belə tədbirlərin keçirilməsini, beyin mərkəzlərinin fəaliyyətinə diqqətin artırılmasını müsbət dəyərləndirmək lazımdır.
Amma təəssüf doğuran odur ki, belə qurumlar yetərincə formalaşıb, geniş fəaliyyət göstərə bilmir. Bunun da kifayət qədər səbəbləri var.
Beyin mərkəzləri dedikdə yalnız beynəlxalq münasibətlərin, münaqişələrin təhlili, regional, həmçinin daha geniş sferada baş verən konfliktlərin öyrənilməsi və hesabatların hazırlanması kimi başa düşülməməlidir. Bu struktur həmçinin cəmiyyətdə gedən mənfi tendensiyaları, dövlətin idarəetmə sahəsində boşluqları, korrupsiya halları ilə bağlı məqamları, ictimai nəzarətin təmin edilməsinə mane olan faktorları və digər məsələləri çox peşəkarcasına araşdırıb hesabatlar hazırlamalıdır.
Beyin mərkəzinin hazırlayacağı hesabat dövlət qurumları tərəfindən diqqətlə oxunmalı və qaldırılan taleyüklü məsələ ilə bağlı ciddi reaksiyalar olmalıdır. Əgər hesabat oxunmursa, heç bir reaksiya yoxdursa o zaman bu işləri görməyə nə ehtiyac var?
Digər bir zəruri və ağrılı məsələ var. Tədqiqatların aparılması üçün normal maliyyə təminatı olmalıdır. Əgər pul yoxdursa, eksperti, beyin mərkəzini necə saxlamaq və bütün bu işləri necə görmək olar? Heç bir maliyyə perspektivi yoxdursa intellektli cavan ekspertlər bu sahəyə niyə gəlməlidir? Ona görə, dövlətin strateji hədəflərərinə istiqamətlənmiş beyin mərkəzlərinin formalaşması, onların maliyyə təminatının yaxşılaşdırılması zəruridir. Düşünürəm ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının müvafiq qurumları bu məqamlara diqqət yetirəcək.
Onu da unutmaq olmaz ki, beyin mərkəzləri bir sıra sahələrdə mövcud olan problemləri araşdırıb hesabat hazırlamaqla bərabər dövlətlə cəmiyyət arasında körpü ola bilər. Əlqərəz bu, potensialdan düzgün istifadə etmək lazımdır.
Əkrəm Bəydəmirli