"Vətənin müdafiəsinə hazıram” - Rayon çempionatı keçirilib
27 Sentyabr Anım gününə həsr olunmuş rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib.
Sentyabrın 26-da şəhər stadionunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər və kənd tam orta məktəblərinin 13 komandası iştirak edib.
Tədbirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iştirakçılara Vətən müharibəsinin tarixi əhəmiyyəti və yarışın qaydaları haqqında məlumat verilib. İştirakçı komandalar yarış ərzində çempionatın proqramına uyğun olaraq 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə qüvvələrini sınayıblar.
Çempionatın təşkili Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışyaşlı gənclərin ordu sıralarına hazırlıq səviyyəsinin yüksəldilməsi, idman yarışlarının kütləviliyinin artırılması və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyıb.
Gərgin mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən Gilgilçay stansiya tam orta məktəbin komandası I, şəhər 3 saylı tam orta məktəbin komandası II, şəhər 6 saylı məktəb-liseyin və Sədan kənd tam orta məktəbin komandaları isə III olub. Yer tutan komandalar Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.
#AnımGünü
#AZEsport
#AZEidman
#Gənclərİdman
#idmanhamıüçün
#sağlamhəyat
#Birkimibirlikdə
#SiyəzənGİİ