Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə etdiyimiz qələbə yaddaşlarımızdan heç bir vaxt silinməyəcəkdir. Bu Zəfər nəticəsində Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 günlük müharibə ərzində tarix yazaraq Azərbaycan ordusunun qüdrətini və gücünü bütün dünyaya nümayiş etdirmiş oldu.
Təəssüf hissi ilə qeyd etməliyik ki, qələbənin qazanılmasında 3000 nəfərə yaxın Azərbaycan oğlu şəhid oldu və minlərlə qəhrəman oğullarımız isə yaralanmışdır. Şəhidlərimiz və qazilərimiz xalqımız üçün dəyərlidir və qələbənin əldə edilməsində onlara borcluyuq. Azərbaycan dövləti və cəmiyyəti üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir.
Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir.
Cənab Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqın¬dan azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirəlayiqdir.
Həm də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezi¬denti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Onlar üçün davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binaları tikilib istifadəyə verilir.
Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq proble¬mi aradan qaldırılır. Bu gün tam əminliklə deyə bilərik ki, şəhid və qazi ailələrinə xüsusi qayğının göstərilməsi dövlətimizin mütləq prioritetidir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru