QHT nümayəndələri Şuşada
Bu gündən etibarən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfəri başlayıb.
Avrasiya.net-in məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər 3 gün davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger və ictimai fəalın iştirak edəcəyi səfərlərə ümumilikdə 500 nəfər qoşulacaq.
Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev muzeyində, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər.
QHT nümayəndələri səfərin sonunda bir daha Müzəffər Ali Baş Komandana Şuşaya təşkil edilən səfərə, habelə şəhərdə aparılan bərpa və quruculuq işlərinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.