Millət vəkili məzuniyyətinin daha bir gününü seçicilərini dinləməklə, şəhid ataları, qazilərlə birgə keçirdi - Fotolar

Millət vəkili məzuniyyətinin daha bir gününü seçicilərini dinləməklə, şəhid ataları, qazilərlə birgə keçirdi - FotolarÖtən ayın 21-də Şabran rayonunda şəhid ailələri, müharibə iştirakçıları, veteran və qazilərlə təbiət qoynunda qeyri-rəsmi görüş keçirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məzuniyyətdə olmasına baxmayaraq bu dəfə "ənənə"ni Siyəzən rayonunda davam etdirdi. Görüşün keçiriləcəyi ilə bağlı həm sosial şəbəkələr, həm də müvafiq yerli dövlət orqanları vasitəsilə əhali öncədən məlumatlandırıldı.

Avrasiya.net xəbər verir ki, avqustun 5-də millət vəkili əvvəlcə YAP-ın Siyəzən rayon təşkilatının qərargahında bir qrup yerli sakini qəbul etdi.

Onu da qeyd edək ki, görüşə qonşu Şabran rayonundan gələnlər də az deyildi. Millət vəkilinə daha çox işsizliklə, şəxsi və rayon əhəmiyyətli sosial problemlərlə bağlı müraciətlər olundu.

Millət vəkili 4 saat ərzində 50-dən artıq sakini ayrı-ayrılıqda qəbul edib dinlədi. Millət vəkilinin köməkçisi Elnur Rəhimov hər bir sakinin problemini, istək və arzusunu, təklifini ardıcıllıqla qeydiyyata aldı.

S.Qurbanov qeydə alınan problemlərin və digər məsələlərlə bağlı istəklərin həlli ilə bağlı müvafiq orqanlara rəsmi müraciət ediləcəyini dedi. Amma onu da qeyd edək ki, millət vəkilinin tapşırığı ilə bir neçə problem elə yerindəcə həll edildi. Görüşə gələn hər bir sakinin üzündə ümid hissi ilə yanaşı millət vəkilinə bir inam, etibar da açıq-aşkar sezilirdi.

Səmimi qəbul etdiyinə və görüşdüyünə görə hər bir seçici millət vəkilinə təşəkkür etdi. Hətta probleminin əsirinə çevrildiyindən hislərini, özünü toplaya, toparlaya bilməyən, işsizlikdən özünü öldürmə həddinə çatdığı fikrində olduğunu deyən də millət vəkili ilə söhbətdən sonra kabineti üzügülər, xoş təəssüratla tərk etdi. Bir sözlə, qəbula gələn hər bir sakin millət vəkili ilə görüşdən sonra mənəvi bir rahatlıq hissi ilə oradan ayrıldı.


Günün ikinci yarısında isə S.Qurbanov Siyəzən Palase-də şəhid ailələri, müharibə iştirakçıları, veteran və qazilərlə həm çay, həm də yemək süfrəsi arxasında səmimi görüş keçirdi. Bu dəfə də əsas mövzu müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə dövlət qayğısı ilə bağlı oldu.

Millət vəkili bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir.

Bunlardan biri də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərardır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə verildiyi diqqət və qayğının növbəti təzahürüdür.

S.Qurbanov dedi ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb.

Daha sonra son günlərdə ermənilərin növbəti təxribatı, ordumuzun “Qisas” əməliyyatı zamanı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsindən bəhs edildi. S.Qurbanov vurğuladı ki, ölkəmizin suveren ərazilərində törədilən istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və cavab tədbirləri daha da sarsıdıcı olacaq. Müzəffər Azərbaycan Ordsunun Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə vurduğu sarsıdıcı zərbələr Ermənistan üçün böyük dərs, eyni zamanda son xəbərdarlıq olmalıdır.

Görüşdə iştirak edənlər də Prezidentin onlara göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını, hər zaman vətənin, dövlətin, xalqın müdafiəsinə hazır olduqlarını bildirdilər. Eyni zamanda belə qeyri-rəsmi, sadə və səmimi, mehriban bir atmosferdə təşkil olunan görüşə görə millət vəkilinə təşəkkür etdilər.