Elmin idarə edilməsinin optimallaşdırılması müasir dövrün tələbidir
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı elmimizin idarə edilməsində yeni mexanizmlərin tətbiq olunması ilə nəticələnəcək. İnkişaf etmiş ölkələrdə olduğu kimi elm və təhsilin vahid mərkəzdən idarə edilməsini şərtləndirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov deyib. O vurğulayıb ki, elm və təhsil haqqında verilən bu mühüm və tarixi qərar elm adamlarının gözləntilərini doğruldacaq, dövlətimizin inkişafında elmimizin rolunu və yerini düzgün müəyyənləşdirməyə imkan verəcək. Bu Fərmanla elmin idarə edilməsində yeni mexanizmlər tətbiq olunacaq, nəticədə elm və təhsilin inteqrasiyası sürətlənəcək, dövlətimizin inkişafında elmin payı artacaq. Həmçinin ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən elmi istiqamətlər inkişaf etdiriləcək.
“Əminəm ki, bu Fərman elm və təhsilimizin inkişafında ciddi dönüş yaradacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da Azərbaycan universitetlərinin dünya universitetləri arasında top 800-də yer alması hədəflənib. Universitetlərin bu reytinqdə yer ala bilməsi üçün onların nəzdində tədqiqat universitetləri, mərkəzləri olması vacib şərtlərdəndir. Bildiyimiz kimi, universitetlər reytinq cədvəlinə bir neçə parametrlə düşür. Bu parametrlərə cavab vermək üçün elmin və təhsilin vahid mərkəzdən idarə olunması zəruridir. Bütün bu qeyd olunanlar elm və təhsilin inkişaf etdiyi ölkələrin təcrübəsinin məhsuludur.
Elmin idarə edilməsinin optimallaşdırılması, səmərəliliyinin artırılması çağdaş dövrümüzün tələbidir. İnanıram ki, aparılan struktur dəyişiklikləri yaxın gələcəkdə müsbət nəticələrini göstərəcək. Verilən qərarları, həmçinin ölkəmizin hərtərəfli inkişafında elm və təhsilin payının artırılması istiqamətində atılan vacib siyasi qərar kimi xarakterizə edirəm”, - deyə İlqar Orucov bildirib.