Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunub

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə növbəti tanıtım səfəri təşkil olunubBir sıra ali təhsil ocaqlarının professor-müəllim heyəti, həmçinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssislərinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfəri təşkil olunub.
Sözügedən tanıtım-təcrübə səyahətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər.
ÇİRES-in fəaliyyəti ilə əyani tanışlıq və məlumat mübadiləsi məqsədi daşıyan səfər emal sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb.

Daha sonra qonaqlara laboratoriyanın iş prinsipi, sahədə çalışan işçilər üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızılın hasilatı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması istiqamətləri üzrə görülən işlər heyətdə böyük maraq doğurub. Səfər zamanı Cəmiyyətin mütəxəssisləri tərəfindən qonaqları maraqlandıran suallar cavablandırılıb.

Tanıtım səfəri sözügedən ali təhsil ocaqları ilə “AzerGold” QSC arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində baş tutub. Məlumat üçün qeyd edək ki, Səhmdar Cəmiyyət 2017-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəb və peşə təhsili məktəblərinə bu yöndə dəstək göstərərək, mütəmadi əməkdaşlıq edir.

Mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə hazırda 9 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görülür. Ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin ÇİRES-ə mütəmadi səfərləri təşkil olunur.

Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər.

Bu günədək 156 tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib. Təcrübəsini uğurla tamamlamış tələbələrə Cəmiyyətin sertifikatları təqdim olunur. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir. Bugünədək təcrübə proqramlarında iştirak etmiş 19 nəfər işlə təmin olunub.