Silahlı Qüvvələrimizlə fəxr edirik

Silahlı Qüvvələrimizlə fəxr edirik Dövlət Başçısı cənab İlham Əliyev Ordunun daha gücləndirilməsi, daha müasir hərbi texnika ilə təchizatı məsələsinə olduqca həssaslıqla yanaşır. Bunu hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlərin ayrılması, ölkənin müdafiə sənayesinin qurulması, ordunun ən müasir silahlarla təchiz edilməsi, həmçinin ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələrinin günbəgün genişləndirilməsi fonunda çox aydın görmək mümkündür.

6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı bir daha Azərbaycan liderinin ordusuna verdiyi önəmin bariz nümunəsidir.

Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib.

Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.

Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Dövlətimizin başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş rayonlarımızda yaradılacaq İşğal və Zəfər muzeyləri 30 illik bir tarixin salnamələşdirilməsi, tarixin səhifələrində canlı şəkildə yaşadılması istiqamətində atılmış mütərəqqi addımdır. Bu muzeylər Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonları kimi, Kəlbəcərdə də yaradılacaq.

Nəinki işğaldan azad olunmuş rayonlarımız abadlaşdırılır, yeniləşdirilir, hətta bir zamanlar həmin yerlərdə fəaliyyət göstərən obyektlərə də yeni həyat verilir. Bu baxımdan dünyaca məşhur olan “İstisu”nun da əvvəlki şöhrətinin özünə qaytarlması təqdirolunası haldır.

İyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlini qoyması qoyması yaxın gələcəkdə “İstisu”nun şöhrətindən xəbər verir.
“İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.

Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.

Görülən bütün bu işlər azadlığından abadlığına uzanan yolda uğurla addımlayan Kəlbəcərin xoş günlərə yaxınlaşdığının göstəriciləridir. Buna Prezident İlham Əliyevin Kəlbəcərə iki gün öncəki səfəri zamanı da şahid olduq.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!”

Salahov Fuad Fərman oğlu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri