Ora əlil və ya kasıbçılığı görən biri təyin edilsin - Deputat

Ora əlil və ya kasıbçılığı görən biri təyin edilsin - DeputatBüdcə icrası haqqında qanun layihəsi və büdcənin icrası imkan verir ki, bəzi sahələrə diqqət edək.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat əlavə edib ki, büdcə gəlirlərinin əsas hissəsini dövlət müəssisləri ödəməlidir:

“Ancaq diqqət edəndə görürük ki, Vergilər Nazirliyi yolu ilə toplanan vergilər 8,5 milyard təşkil edib. Bunun 1,8 faizini dövlət müəssisələri ödəyib. Bu o deməkdir ki, bu qurumlar vergi ödəmir. Belə olan halda sual olunur ki, bu müəssisələr niyə özəlləşdirilmir? Bəzən deyirlər ki, bu doğru yol deyil. Bəs hansı yol olmalıdır?”

Q.Həsənquliyev əlavə edib ki, büdcədə nəzərdə tutulan elm xərclərinin müəyyən hissəsi də icra edilməyib. O, bunu anlamadığını qeyd edib və bildirib ki, əslində bu sahəyə daha çox maliyyə ayrılmalıdır:

“Başqa ölkələrlə müqayisə aparmaq olar. Yaponiyada gəlirlərin 3,2, Finlandiyada 2,76 faizi elmə ayrılır. Biz niyə müasir silahları İsraildən alırıq? Ona görə ki, İsraildə elmə bizdən 20 dəfə çox maliyyə ayrılır. Elmə pul ayrılmadan onu inkişaf etdirmək olmaz”.

Deputat eyni zamanda xatırladıb ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ona ayrılan vəsaitin 11 faizini icra etməyib:

“Olmazmı ki, yoxsul insanların gəlirləri yoxlanılsın, əgər lazımdırsa, Ehtiyac Meyarı artırılsın və bu maliyyə kasıb təbəqəyə verilsin?! Hesab edirəm ki, bu, kasıb, yoxsul insanlara verilə bilərdi. Hesab edirəm ki, ora əlil və ya kasıbçılığı görən biri təyin edilsəydi, başqa cür düşünərdi”.