Sizin Reklam Burada

Ağsaqqallar Şurasının yerli təşkilatlarının Milli Qurtuluş Gününə həsr edilmiş tədbirləri keçirilib

Ağsaqqallar Şurasının yerli təşkilatlarının Milli Qurtuluş Gününə həsr edilmiş tədbirləri keçirilibXəbər verdiyimiz kimi, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son birillik fəaliyyətləri ilə bağlı hesabat konfransları keçirilir.
Milli Qurtuluş Gününə həsr edilmiş növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 14-də Gədəbəy və Ağstafa rayonlarında təşkil olunub. Bu toplantılarda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, rayon idarə və təşkilatlarının rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Konfranslarda müqəddəs torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən hər iki rayonun İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq, onları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının əhəmiyyətindən, ölkəmizin parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsindən, bütün sahələrdə aparılan mühüm islahatlardan bəhs edən natiqlər Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf prosesindən danışıblar. Öz çıxışlarında ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı önəmli fəaliyyətlərinin, gənclərlə apardıqları maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayan Natiq Nağıyev və Seymur Orucov onlara gələcək işlərində uğurlar arzulayıblar.

Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin son birillik hesabat dövrü ərzində yerli təşkliatlarda aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzələri dinlənilib. Koronovirus pandemiyasına qarşı apardıqları təbliğat işlərindən, şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan, gənclərə milli vətənpərvəlik ruhunun aşılanmasından, xüsusilə narkomaniyaya, erkən nikahlara, son dövrdə artmaqda olan boşanmalara qarşı həyata keçirdikləri maarifləndirici tədbirlərdən söz açıblar. Xalqımızın qurtuluşu missiyasını həyata keçirən ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən bəhs ediblər. Gələcəkdə, koronovirus pandemiyasının zəiflədiyi bir dövrdə daha səmərəli və aktiv şəkildə fəaliyyət göstərəcəklərini bildiriblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, hər bir kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirməsindən söz açan natiq məhv olmaq təhlükəsi qarşısında qalan ölkəmizin bütün problemlərinin Ulu Öndərin titanik fəaliyyəti sayəsində aradan qaldırılmasından, Azərbaycanının taleyini dəyişən bu önəmli tarixin – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bayram müəllim ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş əzəli, əbədi torpaqlarımızda geniş vüsətlə aparılan abadlıq-quruculuq işlərindən, bir sözlə, qurtuluşdan tərəqqiyə böyük addımlarla irəliləyən ölkəmizin uğurlarından ətraflı bəhs edib.

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin ictimai-siyasi həyatında respublika ağsaqqallarının əhəmiyyətli rolundan danışan Bayram Yusifov onların hər zaman dövlətə, dövlətçiliyə, sabitliyə və inkişafa xidmət etdiklərini vurğulayıb. Qeyd edib ki, ağsaqqalın hər bir sözü, davranışı onun fəaliyyətidir və ağsaqqal nəsihəti, məsləhəti xalqımız üçün həmişə böyük dəyər kəsb edib. “Dahiləri kənarda axtarmamlıyıq” deyən natiq Azərbaycan, Türk millətinin böyük millət olduğunu, güclü tarixi şəxsiyyətlər yetişdirdiyini tədbir iştirakçılarına xatırladıb. O, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini də yada salaraq bu gün Ümummilli Liderin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin respublikamızı regionun lider, dünyanın tanınan və qəbul edilən ölkəsinə çevirdiyini qürurla vurğulayıb və əlavə edib ki, bu gün biz böyük fəxrlə deyə bilərik: “Var millətimin imzası imzalar içində...”
Rayon təşkilatlarının fəaliyyətlərini təqdirəlayiq hesab edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov onlara gələcək işlərində uğurlar arzulayıb və qeyd edib ki, əgər ağsaqqal yerindədirsə, hər şey öz qaydasında olacaqdır. Allah heç bir ailəni, eli, obanı, cəmiyyəti ağsaqqalsız etməsin.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər və digər natiqlər öz çıxışlarında qeyd ediblər ki, xalq arasında ağsaqqalların hər zaman böyük hörməti və nüfuzu olubdur. Ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək qayğı və diqqətin bütün təzahürləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində özünü aydın şəkildə göstərir. Habelə vurğulanıb ki, ölkəmizin hər bir regionunda olduğu kimi Gədəbəy və Ağstafa rayonlarında da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün tədbirlərdə ağsaqqallar yaxından iştirak edərək, öz zəngin təcrübələrini və biliklərini əsirgəmirlər.

Səmimi şəraitdə keçən hər iki konfransda ağsaqqalların və rayon sakinlərinin müxtəlif məsələlərə dair bəzi təklif və iradları da dinlənilib və bu məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən lazımi tədbirlərin görüləcəyi qeyd olunub. Sonda yerli təşkilatlara yeni üzvlüyə qəbul edilən şəxslərə vəsiqələr, daha aktiv fəaliyyətləri ilə fərqlənən ağsaqqallara isə Fəxri fərmanlar təqdim edilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov səfər çərçivəsində yerli təşkilatların iş otaqları, yaradılan şəraitləri və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq öz məsləhət və tövsiyələrini verib. Tədbir iştirakçıları, həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun Gədəbəyin mərkəzində ucaldılan tunc abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsini ehtiamla yad ediblər. Qeyd edək ki, Məzahir Rüstəmovun atası, Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, professor İzzət Rüstəmov hazırda Xətai Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər