Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir
Ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. May ayının 27-də ölkə başçımız İlham Əliyev cənabları Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxış zamanı bunları qeyd etmişdi.
Tarix boyu Azərbaycan ərazisi müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olmuşdur. Məhz Azərbaycan xalqına xas olan humanizm dəyərləri ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında mühüm rol oynamışdır. Uzun illər keçməsinə baxmayaraq Azərbaycan xalqı öz humanist mövqeyini qoruyub saxlamış və atalarımızdan əmanət qalan ənənəni bu gün də davam etdirirlər. Tarixən unikal çoxmillətli ölkə olan Azərbaycan etnik rəngarəngliyi və tolerantlığı ilə tanınıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də qeyd etdiyi kimi “Azərbaycan ərazisində müxtəlif xalqların yaşaması bizim ən böyük sərvətimizdir”.
Əsrlər boyu müxtəlif xalqların nümayəndələri ölkəmizdə Azərbaycan xalqı ilə sülh və qardaşlıq şəraitində yaşamışlar. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimiz tərəfindən etnik azlıqların hüquqlarının qorunması üzrə ardıcıl və proqramlı siyasət yürüdülməkdədir. Bu gün Azərbaycanda yaşayan bütün xalqların rahat və azad yaşaması üçün müxtəlif formada şərait yaradılmaqdadır. Hazırda ölkəmizdə milli azlıqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir, onların dillərində qəzet və jurnallar nəşr olunur, həmin xalqların nümayənədləri ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır, yüksək vəzifələrdə təmsil olunurlar...
Məlumat üçün bildiririk ki, hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər azsaylı xalq, milli azlıq və etnik qruplar (ləzgilər, ruslar, talışlar avarlar, tatarlar, gürcülər, yəhudilər və hətta ermənilər) yaşayırlar. Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi Azərbaycan ərazisində yaşayan erməni vətəndaşlarımız da birdəfəlik anlamalıdırlar ki, onların vətəni Azərbaycandır. Azərbaycan dövləti ərazisində yaşayan digər xalqlar kimi ermənilərin də rahat və azad şəkildə yaşamalarını təmin etmək üçün bütün lazımi tədbirləri həyata keçirir və bu siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməkdədir.
Dövlətimizin başçısının bu istiqamətdə etdiyi bütün çıxışların və verdiyi bəyanatların nəticəsi olaraq deyə bilərik ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan Azərbaycan ərazisində yaşayan bütün etnik qruplara malik olan vətəndaşlara hörmətlə yanaşılır və onların azadlığı təmin edilir və siyasət bundan sonra da davam etdiriləcəkdir.
Rəmziyyə Mehbalıyeva
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktor müavini.