Sabiq deputatın Rəsul Quliyevə qarşı iddiası təmin edilmədi

Sabiq deputatın Rəsul Quliyevə qarşı iddiası təmin edilmədiBu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadə və digərlərinin hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakir oğlu İbrahimova qarşı iddiasına baxılıb.

Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Q.Salahzadə və digərlərinin iddiaları təmin edilməyib.

İddiaçılar qeyd ediblər ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib.

Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlər boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.

Həmçinin, sabiq deputat məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.

Q.Salahzadə qeyd edib ki, mübahisəli ərazidə Rəsul Quliyevin dünyasını dəyişmiş bacısı Ceyran Quliyevanın da adına torpaq sahəsinin olduğu iddia edilir. Amma Ceyran Quliyevanın oğlu Elbrus Quliyev mülk davası aparmadığı halda, Rəsul Quliyevin ABŞ vətəndaşları olan övladları Ağasif Şakiroğlunun vasitəsilə torpaq sahələrini qanunsuz zəbt ediblər.

Q.Salahzadə əlavə edib ki, Rəsul Quliyevin övladlarının adlarına olan bağ evlərinin alqı-satqısına dair sənədlər məhkəməyə təqdim olunmalıdır.

“Məhkəmə araşdırma aparmadı. Mənim və digərlərinin adına olan evlərlə bağlı sənədlər yoxlanılmadı. Qərardan narazıyıq, yuxarı instansiyaya şikayət edəcəyik”, deyə Q.Salahzadə bildirib.