“Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirilib

“Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirilib12 Mayda “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Suraxanı Gənclər Evində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində təşkilatın son tədbiri baş tutub.

Tədbiri Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova açıq elan edərək “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin yeniyetmə və gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığını vurğulayıb. Aidiyyatı qurumların bu cür tədbirlərin təşkili üçün verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Suraxanı rayonu Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov açılış nitqində qonaqları və iştirakçıları salamlayaraq tədbirin gedişatına uğurlar arzulayıb.
Daha sonra çıxış edən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Suraxanı Gənclər Evinin heyətinə minnətdarlığını bildirib.

O qeyd edib ki, Azərbaycan dövlətinin ptioritet vəzifələrindən biri sağlam gəncliyi olan cəmiyyət formalaşdırmaqdan ibarətdir. Ölkəmizdə gənclərin inkişafı, maariflənməsi, asudə vaxtlarının səmərəli istifadəsi üçün geniş imkanlar mövcuddur. Layihə çərçivəsində Gənclər Mərkəzi və evlərində apardığımız ictimai maarifləndirmə işləri prosesində bu istiqamətdə aparılan fəaliyyətlərin şahidi olduq.

Sağlam gəncliyin formalaşması üçün onların zamanında məlumatlara əlçatanlığını təmin etmək vacib şərtdir. Bu baxımdan mütəmadi olaraq gənclərin maarifləndirici tədbirlərə cəlb edilməsində böyük fayda var. Məlumdur ki, xroniki xəstəliklərin müalicəsinə və ya yaratdığı fəsadlara sərf olunan vəsait onun profilaktikasından daha baha başa gəlir. Bir çox hallarda xəstəliklər xronikiləşdiyi halda onları üzün müddət, hətta ömür boyu nəzarət altında saxlamaq və müalicə etmək lazım olur.

Təhlükəli yoluxucu xəstəliklər sayılan viral hepatitlər əsasən də Hepatit B, D, C xronikiləşməyə meyilli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Bu da viral hepatitlərin yoluxma hallarını nəzarət altında saxlamağı çətinləşdirir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir.

Təşkilatın sədri bildirdi ki, nəinki viral hepatitlər, vərəm və QİÇS kimi digər təhlükəli yoluxucu xəstəliklərlə mübarizə yollarından biri önləyici profilaktik tədbirlərin aparılmasıdır. Bu baxımdan bugünkü tədbirin əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə bilgilərlə silahlandırmaqdır.

Layihə rəhbəri Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.

Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.
Vərəm xəstəliyi barədə təqdimat isə tədbir iştirakçılarına həkim, ekspert Samirə Muxtarova tərəfindən çatdırılıb. O, hava- damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.
İnteraktiv şəkildə aparılan tədbirdə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda isə iştirakçılara mövzuyla bağlı bukletlər, kovid infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanılıb.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etmək məqsədilə Suraxanı Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.
Ümumilikdə, Suraxanı Gənclər Evində keçirilən tədbirdən 60 nəfərdən çox yeniyetmə və gənc faydalanıb.

Qeyd edək ki, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin dörd aylıq layihə çərçivəsində Sabunçu Gənclər Evi, Bakı Gənclər Mərkəzi və Suraxanı Gənclər Evində keçirdiyi tədbirlərdən birbaşa olaraq 170 nəfərdən çox gənc bəhrələnib.