Mübariz Mənsimov, əslində, kimdir?

Mübariz Mənsimov, əslində, kimdir?XIV əsrdə yaşamış filosof, dövlət xadimi və tarixçi İbn Xaldun qeyd edirdi ki, dövlət nə qədər qüdrətli və sarsılmaz olsa da, onu təşkil edən fərdlər və cəmiyyət kövrəkdir. Bu fikrin söylənildiyi dövr ilə indiki vaxt arasında 7 əsr fərq olsa da, insanın fitrəti, dövlətin təbiəti, cəmiyyətin isə xarakteri dəyişməyib. Xüsusilə də, Şərq toplumlarında ictimai rəy daha kövrəkdir, təsirə tez və daha geniş məruz qalır. Ona görə də öz fərdi maraqlarını, hətta şəxsi ambisiyalarını gerçəkləşdirmək istəyən bir qisim var ki, insanlar üçün həssas məsələlərdən istifadə edərək ucuz populizm qazanmağa, müsbət imic (təbii görünən süni obraz) formalaşdırmağa çalışırlar. Bununla bağlı istənilən qədər nümunə göstərmək olar. Elə təkcə sosial şəbəkələrə nəzər salmaq yetərlidir.

Məsələn, Türkiyədə yaşayan (və məhkəmənin qərarına əsasən, İstanbuldan kənara çıxa bilməyən) iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov. “Yeni Azərbaycan” qəzeti alternativ düşüncəyə önəm və yer verən tribunadır. Qəzetimizin 5 may tarixli sayında Mənsimovdan müsahibə verilsə də, bu gün sosial şəbəkələrdə, informasiya resurslarında ifadə edilən fikirlər reallıqların fərqli olduğunu göstərir. Ona görə də araşdırma apararaq bəzi məsələlərin üzərinə işıq salmağa qərar verdik.

Xeyriyyəçi, yoxsa?

Bu yaxınlarda internet televiziyalarından birinə verdiyi müsahibədə müxtəlif sözlər deyən, ziddiyyətli cümlələr quran Mübariz Mənsimovun fikirləri heç də birmənalı qarşılanmadı. Sosial mediada müxtəlif reaksiyalar verilir. Xüsusilə də, xeyli şəxs onun insanlar üçün həssas məsələlərdən istifadə edərək özünü fərqli formada təqdim etdiyini vurğulayır. Məsələn, “xeyriyyəçi” obrazı yaratmaq cəhdi. Qeyd edilir ki, “müasir Hacı Zeynalabdin Tağıyev” imici yaratmağa çalışan bu şəxs insanlara yardım etmək məsələsini şəxsi piar alətinə çevirib. İstifadəçilərdən biri qeyd edir ki, o, hər müraciət edənə yardım göstərmir. Çünki yardım etmək üçün ilk tələbi belə olur: köməklik göstərilməsini kameranın yaddaşına yazacağıq və daha sonra sosial şəbəkələrdə, nəzarətimizdə olan saytlarda reklam edəcəyik. Bunu qəbul etməyən şəxslərə “xeyriyyə əli” uzadılmır. Üstəlik, sıradan insanlara yardım edilməsinə üstünlük verilmir, çünki bu, reytinq gətirməyəcək. Daha çox həssas təbəqələrdən olan insanlar seçilir. Ən əsası, daim Allah rizası üçün yardımdan, dindən-imandan danışan Mənsimov köməkliyi “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə deyil, “sağ əlinin verdiyini sol əlindəki kamera vasitəsilə qeydə və lentə almaq lazımdır” yanaşması ilə edir.

Qardaşı Mənsimovu necə ifşa etdi?

Nə hikmətdirsə, onu dürüst olmamaqda ittiham edənlərdən biri çox da uzaq adam deyil, hətta ən yaxınlardandır - doğma qardaşı. Bir müddət əvvəl Maarif Mənsimov qardaşının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia etmişdi. O, şikayət ərizəsində qeyd etmişdi ki, qardaşı yalan söyləyərək dövlət adamları ilə əlaqəsi olduğunu bildirməklə iş dünyasını, bankirləri aldadıb və bununla da bütün ətrafına ziyan vurub. Görünən dağa bələdçi lazım deyil, yaxud əlavə sözə nə hacət!

İşçilərindən “ədalətli rəhbər”ə: biz qul deyilik!

Digər məsələ: Mübariz Mənsimov müsahibəsində işçilərinə qarşı vicdanlı olduğunu söyləyir, özünü ədalətli rəhbər kimi tanıdır. Dərhal qarşımıza bir fakt çıxır: onun “Shovket Alekperova” adlı şirkət gəmisinin 150 işçisi yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilməyiblər. Onlar gəmidəki yemək və təmiz su problemindən də əziyyət çəkiblər: “9 aydır ki, Zeytinburnuda lövbər gözləyirik. “Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”. Görünən odur ki, Mübariz işçilərini maaş üçün MÜBARİZƏyə vadar etməklə “ədalətli, dürüst və mərhəmətli” rəhbər olduğunu sübuta yetirir. Bununla bağlı bir çox fakt olsa da, təkcə bu nümunə gerçəkliyin nədən ibarət olduğunu göstərir.

Mübarizin “mübariz” obrazı

Mənsimovun piarına (çıxışlarına, müsahibələrinə və s.) nəzər salanda digər bir məqam da diqqəti cəlb edir. Bu, biznesmenin kriminal yığıncaqlardan və “oğru dünyası”ndan həvəslə danışmasıdır. İlk baxışda qəribə və anlaşılmaz görünür. Amma fikirlərini dinlədikdə aydın olur ki, adam sadə düşüncəli (oxu: sıradan və sadəlövh) insanları təsir altına salmaq üçün özündən “qəhrəman” obrazı düzəltməyə çalışır (qəhrəmanlıq edə bilməsə də). Gah özünə qarşı cinayət əməli və ya qəsdin törədilməsindən danışır, gah da kimlərisə “nokaut”a salmasından. Bu, təbii ki, sosial şəbəkə istifadəçiləri, hətta jurnalistlər, bloggerlər tərəfindən gülüş doğuran hal adlandırılır və tənqid edilir. Qeyd edilir ki, biznes imperiyasının iflasında günahkar axtaran gəmiqayırma maqnatının özünü “Azərbaycanın Rembosu” kimi təsvir və təqdim etməsi hər hansı bir psixi pozuntudan və ya ruh halından irəli gəlmir. Bu, onun, ətrafındakı şəxslərin, “piar menecerlər”inin dırnaqarası ideyaları ilə aparılan bəsit kampaniyanın tərkib hissəsidir - Mənsimovun “mübariz” obrazı yaradılır.

O, necə dindardır və Fətullah Gülənin ətrafında nə axtarırdı?

Diqqəti çəkən nüanslardan biri Mənsimovun dindar və millətçi qiyafəsinə bürünməsidir. Faktlar isə reallığın onun dediklərindən və göstərməyə çalışdığından fərqli olduğunu söyləyir. Diqqət yetirək:

Məlumdur ki, İstanbul Regional Ədliyyə Məhkəməsi Üçüncü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək” cinayətinə görə verilən 5 illik həbs qərarını qanunauyğun sayıb. FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar həbs edilən M.Mənsimova 5 il azadlıqdan məhrumetmə cəzası verilib və cəzası şərti hesab edilib. Bundan başqa, onun ölkədən çıxışına qadağa qoyulub. Maraqlıdır ki, ona ünvanlanan bütün ittihamlar və iddiaları rədd edən - qəbul etməyən bu şəxs FETÖ fərarisi kimi axtarışda olan iş adamı ilə münasibətinə hələ də aydınlıq gətirə bilməyib.

İnformasiya resurslarında geniş yayılan sözləri də Mənsimovun iddia etdiyi kimi dindar olmadığını göstərməklə yanaşı, FETÖ-çün məsələsində mənzərəni bulanıqlaşdırır. Məsələn, o qeyd edir ki, içkili halda FETÖ-çülərin iftar məclisinə gedib, Fətullah Güləndən aldığı təsbehi 1000 ABŞ dollarına satıb. Sual olunur: o, necə dindardır və Gülənin ətrafında nə axtarırdı?

Erməni şəriklə çirkli fəaliyyət vətənpərvərlik nümunəsidir, yoxsa xəyanət?!

Faktlar biznesmenin “millətçi” imicini (!) də darmadağın edir. Məsələn, “Palmali” rəhbərinin “Yeni inşa edəcəyimiz gəmilərə Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adlarını verəcəyik” desə də, daha sonra 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən (bir çox ölkələrin qara siyahısında olan) bir gəmisinin adını dəyişdirib “Rəsulzadə” adlandırması inkaredilməz həqiqətdir. Daha dəqiq desək, 2015-ci ildə Ukrayna parlamentində ciddi müzakirələrə səbəb olmuş, həmçinin Ukrayna Prokurorluğu tərəfindən neft qaçaqmalçılığı etdiyi üçün cinayət işi açılan “ADRIATIC MARINER” gəmisinə Liberiya bayrağı çəkərək “MAMMAD AMIN RESULZADEH” adının verilməsi vətənpərvərlik, dövlətçilik nümunəsi deyil, məsuliyyətsizlik və sayğısızlıq idi.

Hər halda, müsahibəsində Qarabağa investisiya yatırmaq fikrində olmadığını deyən, “Azərbaycanda məni sevməyən qüvvələr var” ,- deyən iş adamının okeanın o tayında erməni şəriklə çalışması da vətənpərvərlik nümunəsi deyil. Söhbət çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyandan gedir. Rəsmi sənədlərdə göstərilir ki, bu iki şəxs Palmali USA LLC (2016-2019) şirkətinə ortaq rəhbərlik ediblər. “Şirkətimdə 3-cü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” ,- deyən Mübariz Mənsimovun şəriki Termedzyanla 1 noyabr 2016-cı il tarixində lentə alınan fotosu onun necə “azərbaycanlı” olduğunu təsdiqləyir. ABŞ-da yaşayan Ukrayna əsilli Lev Parnasın “Levon Termedzyan ilə Mübariz Mənsimov vasitəsilə tanış olmuşam” sözləri də faktdır. Bununla yanaşı, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) 2020-ci il tarixli hesabatında Mübariz Mənsimovun ABŞ-da Türkiyə əleyhinə lobbi fəaliyyəti ilə məşğul olması da əks olunub. Hər halda, od olmayan yerdən tüstü çıxmaz!

Azərbaycan əleyhinə...

Digər tərəfdən, “Palmali” rəhbərinin maliyyələşdirdiyi deyilən bloggerlərin Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yazılar hazırlaması, süjetlər verməsi də hər halda təsadüfi deyil. “Pulu verən havanı sifariş edər” deyirlər. Hər halda, sponsor olan Mənsimovun anti-Azərbaycan mövzularında sifarişçi olmaması real - inandırıcı görünmür. Həmin bloggerlərdən birinin çexiyalı parlamentari Yaromir Ştetina ilə hələ o zaman işğal altında olan Qarabağdakı qondarma rejimin “parlament”indəki görüşünü əks etdirən foto da mənzərəni aydın təsvir edir.

Dostunu göstər, deyim kimsən...


Təsadüfi deyil ki, Mübariz Mənsimovu fəal müdafiə edənlər sırasında ermənilərin dostları da canfəşanlıqları ilə fərqlənirlər. Məsələn, həbsdə olarkən Mübariz üçün mübarizəyə başlayan jurnalistlərdən biri qatı erməni tərəfdarı olan Amberin Zaman idi. “Al-Monitor”da çalışan, bir müddət İrəvanda yaşayan bu şəxs Türkiyə əleyhinə təbliğat aparmaqla, qondarma “erməni soyqırımı”nı həqiqət kimi təqdim etməklə məşhur idi.

Faktlar istənilən qədərdir. Amma təkcə bu nəzər yetirdiklərimiz də Mübariz Mənsimov adlı iş adamının, əslində, kim olduğunu və nəyə xidmət etdiyini göstərir!

Alqış Həsənoğlu
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru