"Adamı dediyi sözlərə görə peşman, linç etmək lazım deyil"

"Adamı dediyi sözlərə görə peşman, linç etmək lazım deyil"Hər kəsin danışmaq, fikirlərini ifadə etmək və öz mövqeyini ictimailəşdirmək haqqı var. "Palmali" Şirkətlər Qrupunun prezidenti, dünyada tanınmış həmvətənlərimizdən biri olan Mübariz Mənsimov da belə bir haqqa sahibdir. Onun bu günlərdə Xural TV-nin rəhbəri Əvəz Zeynallıya verdiyi müsahibədə səsləndirdiyi fikirlərə də ilk növbədə məhz bu yöndən, bu açıdan yanaşmaq lazımdır. Adamı dediyi sözlərə görə peşman etmək, linç etmək lazım deyil.

Amma bir neçə gündür ki, biriləri durmadan Mübariz Mənsimovu həm sosial şəbəkələr üzərindən, həm də media üzərindən linç etməyə, qaralamağa çalışır. Xaricdəki “söyüş blogerləri”ndən tutmuş ölkəmizdəki bəzi siyasi partiya mənsublarına qədər – bir çoxları M.Mənsimovun “Siyasət meydanı” verilişində verdiyi açıqlamaların az qala hər cümləsini mikroskopla təftiş edir və onu siyasi baxışlarına görə ittiham edirlər.

Vaxtilə Mübariz Mənsimov həbs ediləndə onu müdafiə etməyə, ona mənəvi dəstək verməyə cəsarəti çatmayanlar indi onun məlum müsahibəsinə ittiham dolu yazılar və paylaşımlarla reaksiya verir, ona cürbəcür damğalar yapışdırmağa can atırlar. Dünən onun əlini sıxıb onunla görüşməyi özünə şərəf bilənlər, ondan maddi dəstək umanlar indi onu xain, satqın çıxarmaq üçün, ona qara ləkə yaxmaq üçün az qala yarışa giriblər.

Bir saytın rəhbəri isə özünü kriminal “avtoritet” zənn edərək hətta sosial şəbəkə hesabında təhdid xarakterli status paylaşıb, M.Mənsimovu sözügedən müsahibədə səsləndirdiyi bir fikirə görə hədələyib. Bu nə deməkdir? Azad fikirə qarşı bu necə dözümsüzlükdür?

Siz ölkəmizi qardaş Türkiyədə və dünyanın işgüzar çevrələrində ləyaqətlə təmsil edən az sayda soydaşlarımızdan birinə qarşı bu qədər aqressiya, kin püskürməklə nə demək istəyirsiniz, nəyə nail olmaq istəyirsiniz? Kimin düz, kiminin yanlış danışdığını ekspert kimi təyin etmək haqqını sizlərə kim verib? Öz xalqımızın az-çox uğur qazanmış nümayəndələrinə qarşı rəğbətlə yanaşmaq əvəzinə, nədən onlara qənim kəsilirsiniz? Bəs bizim milli birlik hissimiz harda qaldı? Budurmu bizim milli həmrəylik performansımız?

Biz bu cür kütlə psixologiyası ilə, total nifrət və dözümsüzlüklə, söyüş ritorikası ilə heç vaxt sivil və güclü cəmiyyətə çevrilə bilmərik. Biz bizim kimi düşünməyən insanları, fərqli mövqedən çıxış edən şəxsləri dinləmək mədəniyyətini nəhayət ki, özümüzdə formalaşdırmalıyıq.

Bizim fikirlərimizə əks mövqedə olan fikirlərlə razılaşmasaq da belə, amma o fikirlərə sayğı duymalıyıq, hörmətlə yanaşmaq vərdişini mənimsəməliyik. Bir sözlə, bütün əks fikirlərə dözümlə yanaşmağı bacarmalıyıq. Çünki cəmiyyət məhz bu kimi müsbət xüsusiyyətləri ilə güclü olur. Milli həmrəylik də məhz bu dəyərlərin üzərində formalaşır.

Bu gün Mübarizi və ya qeyrisini bir göz qırpımında linç etmək, toplumun gözündən düşürmək çox asandır. Amma Mübariz Mənsimov çapında iş adamlarını yetişdirmək üçün Azərbaycana on illərlə vaxt lazımdır. Odur ki, kütləyə qoşulub Mübariz Mənsimov kimi fəal soydaşlarımızın haqqında əsassız fikirlər səsləndirməzdən öncə hər kəsin yüz ölçüb bir biçməsində, ciddi-ciddi düşünməsində fayda var.

Biz uğur qazanmış insanlarımızı zirvədən düşürüb linç etməyə yox, onları qorumağa və onlara dəyər verməyə çalışmalıyıq. Müasir Hacı Zeynalabdin Tağıyevlərin yetişməsi bizim özümüzdən, iş adamlarımıza necə dəyər verməyimizdən asılıdır. Biz uğur qazanmış insanlarımızı toplumdan küsdürməməliyik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri