"Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib
Mayın 5-də Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.
Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli liderin azərbaycançılıq məfkurəsinin gənc nəsil arasında təbliğ olunması məqsədi daşıyan tədbirdə iştirakçılar əvvəlcə Mərkəzdə fəaliyyət göstərən xatirə muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı tədbir iştirakçılarına muzeydə olan tarixi fotolar, müxtəlif sənədlər və eksponatlar əsasında Ümummilli liderin dövlət və ictimai xadim kimi keçdiyi ömür yolu və fəaliyyəti haqqında məlumat verilib. Daha sonra dəyirmi masa ətrafında davam etdirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova, şəhər 6 saylı məktəb-liseyin tarix müəllimi Həmidə Qubatova və digərləri çıxış edərək Ümummilli liderin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə gənc nəslin nümayəndələrinə ətraflı məlumat veriblər. Çıxışlarda Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, ölkəmizin inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində böyük tarixi xidmətlərindən və xilaskarlıq missiyasından geniş bəhs olunub.
Çıxış edənlər Ümummulli Liderin miras qoyduğu uğurlu daxili və xarici siyasətin bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu siyasətin uğuru kimi Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını xüsusi vurğulayıblar. Çıxışlardan sonra Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən qısametrajlı film nümayiş olunub, həmçinin xatirə şəkilləri çəkilib.
#Ümummillilider #HeydərƏliyev99 #Ümummillilider99 #dəyirmimasa #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman