Sultan Dadaşov vəzifəsindən azad olunacaq?
Barəsində inzibati həbs seçilməsi şəxsin işdən azad edilməsi anlamına gəlmir.
Bu sözləri Axar.az-a açıqlamasında hüquqşunas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Prezident Administrasiyasında işlədiyi bildirilən, 10 VX 707 nömrəli “Leksus” markalı avtomobilin sahibi, ötən gün yol mübahisəsi zamanı moped sürücüsünü əvvəlcə maşınla, daha sonra isə şillə ilə vuran Sultan Dadaşovun barəsində inzibati qaydada 25 sutka həbs seçilməsi haqda danışarkən deyib.
“Həmin şəxsin yol verdiyi inzibati xətaya görə məhkəmə tərəfində adekvat olaraq cəzalandırıldığı bildirilir. Barəsində inzibati cəza tətbiq edilməsi onun cəzasını çəkəndən sonra işə qayıtmasına mane olmur”, - hüquqşunas qeyd edib.
Xatırladaq ki, S.Dadaşovun 25 sutka həbs edildiyi haqda məlumat yayılsa da, hələlik rəsmən təsdiqlənməyib.