QHT-nin aktual mövzuda həyata keçirdiyi layihə uğurla başa çatıb
“Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana südünün əhəmiyyətinin təşviqi” layihəsi çərçivəsində sonuncu təlim "Ana südünün artırılması üsulları" mövzusuna həsr olunub.
Birliyin sədri Könül Quliyevanın AVRASİYA.NET saytına verdiyi məlumata görə, bu ilin 11 mart tarixində “Şüa” İdman-Sağlamlıq Kompleksində baş tutmuş təlimdə 18 nəfər - gənc analar və subay xanımlar iştirak ediblər.
Körpələrin sağlamlığı ilə bağlı aktual mövzuya həsr olunmuş təlimdə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının 2-ci Mama-ginekologiya kafedrasının rezident-həkimi Ayan Abduləliyeva ana südünün artırılması üsulları ilə bağlı təqdimatında dinləyicilərə ətraflı məlumat verərək, suyun südün tərkibində mühüm yer tutduğunu, ana südünün miqdarının artırılması üçün gündəlik ən azı 2-3 litr su qəbul edilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, körpə əmizdirən ananın suya olan gündəlik ehtiyacı ananın çəkisi x 35ml düsturu ilə hesablanır.
Həkimin sözlərinə görə, körpə hər dəfə ağladığı zaman ana onu əmizdirməyə çalışmalıdır. Yetərli miqdarda südün olması əmizdirmənin tezliyindən asılıdır. Öncə bir süd vəzisi, körpə doymadıqda isə digər süd vəzisi verilməlidir. Ehtiyac olduğu halda və şəraitdən asılı olaraq körpəyə öncədən sağılmış süd də verilə bilər. Süd hasilatının artması üçün əmizdirməyə doğuşdan sonrakı 30-60 dəqiqə ərzində başlamaq məsləhət görülür.
A.Abduləliyeva onu da qeyd edib ki, körpə böyüdükcə onun südə olan tələbatı da artır və ona hər dəfə süd verdikcə «prolaktin» hormonu sintez olunur. Nəticədə süd ifrazı ilə bağlı siqnal ötürülür və südün əmələ gəlməsi üçün orqanizmdə müvafiq şərait yaranır.
Tədbirdə iştirak edən təlimçi-psixoloq Ruhiyyə Məmmədova iştirakçılara dünyaya göz açan körpənin ilk 4-6 ay ərzində bütün fizioloji, psixoloji və sosial tələbatlarını ödəyən və karbohidratlar, yağlar, zülallarla zəngin olan ana südünə ananın qəbul etdiyi qidaların təsirindən danışıb.
Qeyd edilib ki, ananın keyfiyyətsiz qidalanması körpənin immun sisteminin tam formalaşmasına mane olur və bu da öz növbəsində körpənin müxtəlif xəstəliklərə qarşı həssas olmasına gətirib çıxarır. Körpənin əmizdirildiyi müddətdə ana südünün keyfiyyətinə və miqdarına təsir göstərə bilən bir sıra amillər barədə danışan təlimçi-psixoloq həmin müddətdə ananın qidalanma şəraitinə, psixoloji durumuna xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib. R.Məmmədova əmizdirmə zamanı ananın böyük miqdarda enerjiyə ehtiyac duyduğunu, onun qida rasionuna bol miqdarda vitamin və mineral tərkibli meyvə və tərəvəz məhsullarının mütləq qaydada daxil edilməsinin zəruriliyini vurğulayıb.
Həkim və psixoloq təlim iştirakçılarına ana südünün artırılmasının səmərəli üsulları barədə geniş məlumat verərək, gənc anaların çoxsaylı suallarını ətraflı cavablandırıblar.
İctimai Birliyin sədri Könül Quliyeva “Ana südünün əhəmiyyətinin təşviqi” layihəsi çərçivəsində silsilə tədbirlərdə fəal iştirak etdiklərinə görə təlimçilərə və dinləyicilərə minnətdarlığını bildirib, onlara “Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin fəxri diplom və sertifikatlarını təqdim edib.