Siyəzəndə soyqırımla bağlı tədbir keçirilib
31 mart 2022-ci il tarixində Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 31 Mart “Azərbaycanlıların Soyqırım günü”nün 104-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. “Mart soyqırımı – Bir günün tarixi” mövzusunda təşkil olunan anım tədbirində əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Dini Məsələlər üzrə Dövlət Komitəsinin Quba şöbəsinin Siyəzən üzrə nümayəndəsi Gündüz Səmədli, şəhər 2 saylı tam orta məktəbin Tarix müəllimi Vasif Əliyev, şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Fidan Ələsgərova və digərləri çıxış edərək soyqırım faktlarından ətraflı bəhs ediblər. Çıxışlardan bildirilib ki, xalqımıza qarşı dəfələrlə törədilmiş, uzun illər ərzində öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin qanlı səhifələrindəndir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları zamanı on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmiş, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılmışdır. 1988-1993-cü illərdə baş verən hadisələr də həmin soyqırımın tərkib hissəsi idi. Lakin Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsini qalibiyyətlə başa vuran ordumuz düşmənlərimizin tarixən başımıza gətirdiklərinin və şəhidlərimizin qisasını almaqla yanaşı onlara tarixi dərs verdi. Bütün bunların təkrar olunmaması və belə qanlı faciələrin bir daha yaşanmaması üçün tariximizdən dərs götürməli və vətənpərvər gənclik yetişdirməyi davam etdirməliyik.
Tədbir soyqırım həqiqətlərinin gənc nəslin yaddaşında qorunması, gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi, qan yaddaşımızın gənc nəsil arasında təbliği məqsədi daşıyıb. Sonda 1918-ci ilin mart hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
#31marchgenocide #azerbaijanigenocide #31march #tragedy #Genocide #Геноцид #AzərbaycanlılarınSoyqırımGünü #31MartAzərbaycanlılarınSoyqırımGünü #31mart #Soyqırım #SoyqırımıGünü #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman