Səfərliyə qarşı daha bir məhkəmə iddiası...
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, vətəndaş Bayram Qaraşov mülki iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.
O bildirib ki, Səbail rayonu ərasində inşa edilən jurnalistlərin binasında 2018-2020-ci illərdə fəhlə kimi çalışıb. Lakin B.Qaraşov çalışdığı, V.Səfərliyə məxsus şirkətdən rəsmi qaydada əməkhaqqı almayıb.
V.Səfərlinin həbsindən sonra məlum olub ki, B.Qaraşova işlədiyi şirkətdən rəsmi qaydada əməkhaqqı yazılıb.
"2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərim 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödədiyimdən isə xəbərim olmayıb", - o, iddiada göstərib.
Mülki iddia Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatına verilib. Lakin iş üzrə prosesin vaxtı hələlik məlum deyil.
B.Qaraşov məhkəmədən xahiş edib ki, mülki iddiası təmin olunsun və ona dəyən maddi ziyan ödənilsin.
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.