“Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi keçirilib

“Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi keçirilibMartın 17-də tanınmış kanadalı geoloq Robert Stivensin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə tərcümə və nəşr edilən “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürov, eləcə də geologiya və dağ-mədən sahələrində müvafiq dövlət qurumlarının, elm və təhsil müəssəsisələrinin rəhbər şəxsləri, qocaman geoloqlar, akademik heyət və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xəyyam Fərzəliyev kitabın tərcümə və çap edilməsində əsas məqsədin faydalı qazıntıların öyrənilməsi, tədqiqi, səmərəli idarə olunması sahəsində dünya elmində baş verən yenilikləri, əldə olunan müasir təcrübəni gənc mütəxəssislərimizə ana dilimizdə aşılayaraq bu sahədə dövlətimizin, elm və təhsil müəssisələrimizin həyata keçirdiyi ardıcıl fəaliyyətə töhfə vermək olduğunu diqqətə çatdırıb.

Cəmiyyətin dağ-mədən sahəsi üzrə ali və peşə təhsilinin təşviqi, elmi potensialın dəstəklənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən X.Fərzəliyev şirkətin bundan sonra da beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyaların transferi ilə yanaşı, elmtutumlu və innovativ yanaşmaların təbliğ edilməsi istiqamətində də fəaliyyətini davam etdirəcəyini qeyd edib. İdarə Heyəti sədrinin müavini sözügedən elmi-publisistik nəşrin geoloq və mədənçilərimizin masaüstü kitabına çevriləcəyinə, mineral xammal ehtiyatlarından səmərəli istifadənin təşkilinə əlavə töhfələrini verəcəyinə inandığını bildirib.
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev kitabın praktik əhəmiyyəti barədə danışaraq, nəşrin təkcə geoloqlar deyil, menecerlər üçün də faydalı vəsait olacağını diqqətə çatdırıb. Ə.Əliyevin sözügedən kitabın Azərbaycan dilində nəşrinin ölkəmizdə dağ-mədən sənayesinin inkişafında yeni bir məhələnin yarandığı dövrə təsadüf etməsi ilə də əlamətdar olduğunu vurğulayıb.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini, kitabın rəyçisi Azər Şükürov çıxışında bu cür maarifləndirici kitabların dağ-mədən sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. A.Şükürov yeni nəşrin dərs vəsaiti kimi gənc ekspertlərin yetişdirməsidə istifadə edilə biləcəyini qeyd edib.
Tədbirdə geologiya və dağ-mədən sənayesi üzrə müvafiq ixtisasların tədris olunduğu ali təhsil ocaqları – Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorları, o cümlədən kitabın redaksiya heyəti nəşrin əhəmiyyəti barədə çıxışlar ediblər.

Qeyd edək ki, “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabında dağ-mədən sənayesi haqqında ümumi təsəvvürlər, geologiya, faydalı qazıntı yataqları, texniki araşdırmalar, həmçinin mədənlərin idarə edilməsində maliyyə modelləri, eləcə də ekoloji tədbirlər barədə geniş və praktiki nümunələrlə zəngin məlumatlar izahlı şəkildə təqdim olunur. Kitabda, eyni zamanda iri dağ-mədən şirkətlərinin təcrübələri əsasında layihələrin idarəolunması modellərinə dair təhlillər aparılır, iri metal korporasiyalarının illik hesabatlarına istinadlar edilir.

Kitab “AzerGold” QSC tərəfindən ölkəmizin elmi kitabxanalarına, həmçinin geologiya və dağ-mədən sahələri üzrə ixtisasların tədrisini həyata keçirən universitetlərə hədiyyə edilib.