“Şuşa ili”nə həsr olunan İntellektual Oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib
Kənd gəncləri arasında “Şuşa ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib.
Siyəzən rayon Gənclər və İdman idarəsi, Təhsil Şöbəsi və GİKM-in Siyəzən nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Kəndin İntellektual gəncləri” layihəsi çərçivəsində çempionatın bu ilin yanvar-mart aylarında baş tutan məktəbdaxili seçim turlarında 45 komandanın tərkibində 300-ə yaxın gənc iştirak edib.
Layihə kənd gənclərinin dünyagörüşünün və intellektual səviyyəsinin yüksəldilməsi, onlara biliklərinin yoxlanması üçün imkanın yaradılması, intellektual oyunlara kənd gənclərinin marağının artırılması, istedadlı gənclərin aşkara çıxarılması, kənd gəncləri ilə əlaqələrin möhkəmləndirilməsi, həmçinin kəndlərdə yaşayan gənclərin ictimai həyatda daha fəal iştirakının təşviq edilməsi və könüllülüyün onlar arasında təbliğ olunması məqsədi daşıyıb.
Martın 11-də Gənclər Mərkəzində keçirilən final oyununda daha əvvəl seçim turlarında qalib gəlmiş 9 komanda iştirak edib. 2 turdan ibarət yarışın yekun nəticəsinə əsasən Zarat kənd tam orta məktəbini təmsil edən “Uğur” komandası I yeri tutaraq “Şuşa ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə rayon çempionatının qalibi olub. Gilgilçay stansiya tam orta məktəbin “Zəfər” və Gilgilçay qəsəbə tam orta məktəbin “Şuşa” komandaları isə reytinq xalına əsasən II və III yerləri bölüşüblər. İlk üç yeri tutan komandaya təşkilatçılar tərəfindən kubok və fəxri fərmanlar təqdim olunub.
#Şuşa #Şuşaİli #Shusha2022 #BöyükQayıdış2022 #QarabağAzərbaycandır #KəndinİntellektualGəncləri #NHN #NəHaradaNəzaman #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz