İctimai Birliyin eşitmə məhdudiyyətli üzvləri hərbi hissəyə səfər edib
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” adlı layihəsini dörd ay davam etdirəcək.
Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” adlı layihəsinin məqsədinə uyğun, lazımi orqanlara müraciət əsasında, Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun göstərişi və Daxili Qoşunların Komandanı general-leytenant cənab Şahin Məmmədovun tapşırığı ilə eşitmə və nitq məhdudiyyəti olan gənclərin Daxili Qoşunların hərbi hissəsinə ziyarəti təşkil olundu.
Vətənpərvərlik mövzusunda olan layihə çərçivəsində, eşitmə məhdudiyyəti olan gənclərlə hərbi hissəyə səfərin məqsədi, əsgərlərin necə hərbi xidmət keçdikləri, qəhrəmanlıqları, Azərbaycanda olan hərbi texnika, silah-sursat və s.haqqında əyani məlumatlandırma və vətənpərvərliyin aşılanmasıdı.
Daxili qoşunların hərbi hissəsinə səfər zamanı , eşitmə və nitq məhdudiyyətli gənclər bir günlərini hərbi hissə ilə tanışlıq və əsgər olaraq keçirdi. İlk olaraq onlar Daxili Qoşunların muzeyi ilə tanış oldular. Daxili Qoşunların Muzeyi Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının 09 fevral 2008-cu il tarixli əmri ilə yaradılmışdır. Muzeyin yaradılmasında məqsəd Daxili Qoşunların tarixini, inkişaf mərhələlərini, keçdiyi döyüş yolunu və xidməti - döyüş fəaliyyətində qazandıqları nailiyyətləri tərənnüm etdirir. Gənclərə Jest dilində muzey haqqında geniş izahlı məlumat verildi. Muzeyin 1 ci mərtəbədə yerləşən böyük zalda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daxili Qoşunların ilk döyüşə başladığı gün 12 mart tarixinin onun yaranma günü kimi qeyd olunması barədə 9 mart 1995-ci il tarixli fərmanı, «Daxili Qoşunların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş Daxili Qoşunların vəzifələri əks olunmuş lövhələr, qaya parçaları üzərində Qoşunların şəxsi heyətinin döyüş əməliyyatlarında istifadə etdiyi silahlar, Daxili Qoşunların Azərbaycan Demokratik Respublikası dövründə «Yardım alayı» adı ilə mövcud olması barədə məlumatlar və eksponatlar, alaya rəhbərlik etmiş tanınmış ictimai-siyasi xadim Yusif Ziya Talıbzadənin həyatı və fəaliyyəti, 1992-ci il tarixdə Daxili Qoşunların canlı qüvvələrinin Ağdərə, Ağdam və digər rayonların müdafiəsi uğrunda döyüşlərə cəlb olunması barədə Daxili Qoşunların Komandanının əmrləri, zirehli texnikanın müşayiəti ilə manqanın hücuma keçməsi və Daxili Qoşunların Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı iştirak etdiyi bölgələr göstərilmiş kompozisiyalar, ilk döyüşə cəlb olunmuş 200 nəfərə qədər şəxsi heyətin və hərbi hissənin komandanlığının adlı siyahısı, Füzuli rayonunun Horadiz sərhədyanı yaşayış məntəqəsi uğrunda gedən döyüşlər zamanı 5 nəfər hərbi qulluqçumuzun düşmən texnikası qarşısından çəkilməyərək qəhrəmancasına həlak olma səhnəsi simvolik olaraq göstərilmişdir. Muzeydə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının şəkilləri, şəxsi əmlakları və döyüşlər zamanı istifadə etdikləri ləvazimatlar sərgilənir. Eşitmə məhdudiyyətli gənclər həmçinin Daxili Qoşunların hərbiçilərinin Ağdam, Ağdərə və Füzuli rayonlarının müdafiə edilməsində döyüş yolunu əks etdirən foto şəkillər, şəxsi əşyalar, döyüşlər zamanı istifadə olunmuş rabitə avadanlıqları, qanlı məktub, bədənlərindən çıxan güllə, geyim və hərbi sursatlarla tanış oldular.
Muzeydə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin Daxili Qoşunlara göstərdikləri diqqət və qayğını əks etdirən güşə yaradılmışdır. Burada Ümummilli Lider H.Əliyevin "Daxili Qoşunların statusu haqqında" Qanunun təsdiq edilməsi barədə Fərmanı, Daxili Qoşunların hərbi qulluqçularının mükafatlandırılması haqqında fərmanları, müdrik kəlamları, həyat və failiyyətini əks etdirən kitablar, Prezident İlham Əliyevin 12 mart 2005-ci il tarixdə Daxili Qoşunların hərbi hissələrinə səfərləri əks etdirən fotoşəkillər, ordu quruculuğu haqqında söylədiyi kəlamlar, fərmanlar, sərəncamlar və digər eksponatlar haqqında da gənclərə geniş məlumat verildi. Bildirmək istəyirəm ki, ümumilikdə Daxili Qoşunların muzeyində iki kompazisiya və 650 ədəd eksponat yer almışdır.
Azərbaycanda olan silahlar haqqında məlumat alan gənclər üçün silahların sərgisi təşkil olundu və silahlara toxunaraq, onun ağırlığını hiss etmək şansı da verildi. Daha sonra hərbi texnikaların sərgisi təşkil olundu. Gənclərə Daxili qoşunların hərbi texnikaları haqqında geniş məlumat verildi və hərbi texnikalara əyani baxışa şərait yaradıldı. Daxili qoşunların əhilləşdirilmiş əməliyyat itləri ilə tanışlıq, itlərin müxtəlif əməliyyatları, maniyyələri aşmaları, əsgərlər tərəfindən gənclərimizə əyani olaraq nümayiş etdirildi. Həmçinin eşitmə məhdudiyyətli gənclərimizə, əsgərlərin yatdıqları çarpayıda yatmaq , dərs otaqlarına baxış, onlarla birgə yemək yeməyə də şərait yaradıldı.
Bu layihənin icrasında “Mən Əsgərəm” adlı kiçik video rolikin də çəkilişi nəzərə alınıb. Bu çəkilişi reallaşdırmaq üçün hərbi hissə komandiri və hərbi hissə təlim tədris üzrə polkovnik-leytenantı gənclərə hərbi forma verilməsini və çəkilişə məxfi sahələri qorumaq şərti ilə şəraitin yaradılmasına göstəriş verdi. Bu video rolik eşitmə məhdudiyyətli gənclərin xəyali hərbi hissədə olmalarını əks etdirir. Bildiyimiz kimi məhdudiyyətli gənclər hərbi xidmətə çağrılmır və xidmətdə olmurlar. Eşitmə məhdudiyyətli gənclər bir çox hadisələrdən məlumatsız olur və ya düzgün informasiya almırlar. Eşitmə məhdudiyyərli gənclər üçün gözlə görünən əyani baxış çox önəmlidir. Bu layihədə əyani tanış olduqları bütün məlumatlar gənclərin yaddaşına həkk oldu. Hərbi xidmətin nə olduğunu, əsgərlərin ciddi rejimdə xidmət etmələrini müşaət edən eşitmə məhdudiyyətli gənclərin sonda bildirdikləri fikir bu oldu “Mən də əsgər olmaq istəyirəm komandir, nə edim?”.
Ali Baş Komandanımız cənab İlham Əliyevin düzgün siyasəti , qəhrəman ordumuz, güclü hərbi texnikalarımız sayəsində 44 gün Vətən savaşında qalibiyyət qazanmış igidləri olan Azərbaycanın bütün vətəndaşları vətənpərvərdir. Azərbaycanın “dəmir yumruğu” var. Bu “dəmir yumruq” altında birləşən Azərbaycan xalqı hər zaman birdir və güclüdür. Bu gücü hər bir kəs hiss etməli, tanımalı və tanıtmalıdır!
Layihəmiz davam edir.