Sizin Reklam Burada

Dini radikalizmin yaranma səbəbləri

Dini radikalizmin yaranma səbəbləriDin insan mənəviyyatının əsasında durmaqla, sosial münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Mahiyyətinə nəzər saldıqda dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq-aydın özünü büruzə verir. Lakin real həyatda din pərdəsi altında qeyri-humanist ideyaların tətbiqi də müşahidə olunur.

Din adından həyata keçirilən hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən qaynaqlanmır. Burada söhbət dini hökmlərin tətbiqində qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaqdan gedir.

“Radikal” ifadəsi latın dilindən “radix” (radiks)” sözündən yaranıb. Mənası “kök” deməkdir. Radikal hərəkatlar cəmiyyətdə köklü dəyişiklik etmək istədikləri üçün bu adla adlandırılıb. İlk dəfə bu termini 1797-ci ildə İngiltərədə parlament üzvü Çarls Ceyms Fox (Charles James Fox ) seçki sistemi ilə əlaqəli “radikal reform” ifadəsini dilə gətirərkən işlədib. Daha sonra elmi ədəbiyyatda siyasətdən incəsənətə, ədəbiyyatdan dinə qədər köklü dəyişikliklərin tərəfdarı olan qruplar üçün “radikal” terminindən istifadə olunub.

Dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, Yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib.

Radikallar xalq arasında yayılmış ənənəvi, İslam xaricində olan inanclara qarşı çıxırlar, elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edirlər, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz “həqiqətlərini” isbatlamaq üçün Qurandan və sünnədən iqtibaslar gətirir, ayələri, hədisləri öz məqsədlərinə uyğun şərh edirlər.

Savadsızlıq – xüsusilə də dini savadsızlıq. Cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Deyə bilərsiz ki, xurafatla dini radikalizmin nə əlaqəsi var? Əslində, dini radikalizmin kökündə xurafat elementlərinə rast gəlinir. Bizim məişət müstəvisində dəyərləndirdiyimiz xurafat dini radikalizmin özəyini təşkil edir. Odur ki, dində əsli olmayan düşüncələr mövhumat və xurafatı , bunlar isə öz növbəsində cəhalət ilə üsyanları doğurur. Bunların arxasında isə insanların inanclarını istismar edərək böyük gücə çevrilməyə çalışan qanuntanımaz adamlar dayanır.

Bu cür mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi də dini düzgün anlamama və anlatmamağa gətirib çıxarır.

Psixoloji problemlər. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə də psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni özünü başqalarının yerinə qoya bilmə duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayırlar.

Dünyaya inteqrasiya proseslərində zəif iştirak. Müsəlmanların çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi – patriarxal həyat tərzi sürür. Bu faktor radikal sektalar üçün çox əlverişlidir, çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub.

Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacariqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir.

İşsizlik və yoxsulluq radikal qrupların təbliğatına mənfi tərəfdən öz qatqısını əlavə edir. Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz aləti kimi istifadə edirlər. Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”a çatmaq kimi ekstremist ideyalar da bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri kompensasiya edən rolunu oynayır.

Təşkilati struktur, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə dini radikalizmin yayılmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, nəsil dəyişmə prosesinin də rolu burada az deyil. Bu proses, xüsusilə MDB ölkələrində kommunizm ideologiyasının hökm sürdüyü SSRİ dövründə doğulan nəslin sayının çoxalmasında müşahidə olunur. Belə ki, gənclərin dini savadının az olmasından istifadə edənlər bu boşluğu müxtəlif radikal inanclar və xurafatla doldururlar. Xüsusilə, sosial ziddiyyətin və iqtisadi problemlərin kəskin olduğu regionlarda bu proses daha intensiv cərəyan edir.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər