Diaspora Komitəsi bizə dəstək yox, vədlər verir - Polşada təhsil alan azərbaycanlı tələbə
Fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasında müharibə başlayıb. Müharibədən dolayı Avropada böyük humanitar böhran baş verib. Rəsmi rəqəmlərə əsasən Avropaya 1.2 milyon miqrant daxil olub ki, bu miqrantların 700 mini Polşa ərazisinə keçid edib. Onlar arasında çoxlu azərbaycanlılar da var.
Bəs onların vətənə dönüşü ilə bağlı hansı problemlər var?
Polşada təhsil alan, Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəni Assosiyasının İdarə Heyətinin üzvü Kamran Sultanlı Avrasiya.net-ə açıqlamasında deyib ki, Krakov şəhəri Ukraynadan gələn miqrantların əsas istiqamətlərindən biridir: "Qeyd etməliyəm ki, Krakov Azərbaycanlıları icması olaraq soydaşlarımızın Ukraynadan təxliyyəsi, yerləşiməsi üçün əlimizdən gələni edirik. Xüsüsilə bu işdə Polşa Azərbaycanlıları Şurası və Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəni Assosiyası fəallıq göstərir. Amma təəssüf ki, maddi baxımdan ciddi sıxıntılar var. Axın çox olduğundan soydaşlarımızın yerləşdirilməsini özümüz təşkil etməyə çalışırıq. Amma biz tələbələrin maddi imkanları limitli olduğundan dövlət dəstəyi vacibdir. Təəssüf ki, Diasporlarla İş üzrə Dövlət Komitəsi lazım olan dəstəyi vermir. Komitə rəsmiləri yardım üçün vədlər versələr də, indiyə qədər heç bir ciddi dəstək yoxdur və bu soydaşlarımızın durumunu daha da çətinləşdirir. Bu baxımdan aidiyyatı dövlət qurumlarının dəstəyi vacibdir. Eyni zamanda Ukraynada fəaliyyət göstərən diaspora təşkilatlarımızda ciddi xaos, sistemsizlik var. İnsanların səfərbərliyində və təxliyyəsində ciddi problemlər yaşanmaqdadır. Biz Krakov Azərbaycanlıları İcması, Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəni Assosiyası, Polşa Azərbaycanlıları Şurası olaraq əlimizdən gələni edirik, amma biz soydaşlarımızın təhlükəsiz təxliyyəsi, Polşada müvəqqəti yerləşimi üçün Diasporlarla İş üzrə Dövlət Komitəsindən aktiv dəstək, sistemli və koordinativ hərəkət tələb edirik, bu hazırda olduqca vacibdir".